Azərbaycan Prezidenti: Tacikistanla möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk

Azərbaycan Prezidenti: Tacikistanla möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk

Biz Azərbaycan ilə Tacikistan arasında ortaq tarixi-mədəni köklər, qardaşlıq, qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk. Qardaş xalqlarımız arasında təşəkkül tapmış çoxəsrlik möhkəm dostluq əlaqələri, aramızdakı fəal siyasi dialoq və qarşılıqlı anlaşma bu gün yüksək səviyyəli Azərbaycan-Tacikistan əməkdaşlığını şərtləndirən başlıca amillərdəndir.

AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmona bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Emoməli Rəhmonun rəhbərliyi altında Tacikistanın hərtərəfli inkişaf və sosial-iqtisadi yüksəliş yolu ilə inamla addımlayaraq beynəlxalq aləmdə yüksək nüfuz qazandığını qeyd edən Azərbaycan Prezidenti bildirib: “Bu ilin mayında Azərbaycana həyata keçirdiyiniz dövlət səfəri Azərbaycan-Tacikistan əlaqələrinin tarixində yeni səhifə açmış, münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir”.

Dövlətimizin başçısı, həmçinin əmin olduğunu bildirib ki, həyata keçirilən çoxsaylı qarşılıqlı səfərlər əsnasında əlaqələrimizin gələcək fəaliyyət istiqamətlərinə dair əldə edilən razılaşmalar dövlətlərarası əməkdaşlığın yeni məzmunla zənginləşməsinə, qardaş xalqlarımız arasında həmrəyliyin daha da möhkəmlənməsinə, ölkələrimizin, bütövlükdə regionun davamlı inkişafına və rifahına töhfələr verəcək.

2024-09-09