Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub

Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam rayonunun Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına kənddə görülən işlər barədə məlumat verildi.

İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da quruculuq işləri geniş vüsət alıb. Quruculuq işlərinin davam etdiyi yerlərdən biri də rayonun Kəngərli kəndidir. Kəndin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Qeyd edildi ki, Ağdam şəhərindən 6 kilometr məsafədə yerləşən Kəngərli kəndində 2544 nəfərin (632 ailə) məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 177,2 hektardır. Burada məskunlaşdırılacaq əhalinin sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1279 nəfərin köçürülməsi üçün 292 fərdi ev inşa edilir.

Bildirildi ki, kəndin ərazisində söküntü və şaquli planlaşdırma işləri artıq tamamlanıb. Bundan başqa, 292 fərdi evin torpaq, bünövrə, hörgü işləri və 278 fərdi evin isə xarici tamamlama işləri başa çatdırılıb.

Hazırda 94 fərdi ev üzrə daxili bəzək işləri görülür və mebel avadanlığı quraşdırılır. Həmçinin kəndin mərkəzi kommunikasiya sisteminin və yol infrastrukturunun da inşası davam etdirilir.

Diqqətə çatdırıldı ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə sakinlərin işlə təmin olunması nəzərdə tutulur.

Prezident İlham Əliyev kənddə hazır evlərə baxdı.

2024-09-19