Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub

Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam rayonunun Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.

Qeyd edək ki, Ağdam rayonunda quruculuq işlərinin geniş vüsət aldığı yaşayış məskənlərindən biri də Xıdırlı kəndidir. Kəndin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.

Bildirildi ki, Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşən Xıdırlı kəndində 5093 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 418 hektardır. Burada məskunlaşdırılacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 170 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə kəndə 2951 nəfərin köçürülməsi üçün 719 fərdi evin tikilməsi planlaşdırılır.

Qeyd olundu ki, kəndin ərazisində söküntü və şaquli planlaşdırma işləri artıq tamamlanıb.

Kənddə 719 fərdi evin torpaq və bünövrə işləri, 643 fərdi evin isə hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. Həmçinin kənddə mərkəzi kommunikasiya sisteminin və yol infrastrukturunun da inşası davam etdirilir.

Eyni zamanda, 10 qeyri-yaşayış binası üzrə torpaq və bünövrə işləri tamamlanıb. Həmçinin bu binalarda dəmir-beton və hörgü işləri aparılmaqdadır.

Diqqətə çatdırıldı ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Burada mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə sakinlərin işlə təmin olunması nəzərdə tutulur.

Dövlətimizin başçısı kənddə hazır evlərə baxdı.

2024-09-19