Azərbaycan iqtisadiyyatı 4,7 faiz böyüyüb
Cari ilin yanvar-sentyabr aylarında ölkədə 92 milyard 829,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz, qeyri-neft-qaz sektorunda isə 7,1 faiz artıb.
ÜDM istehsalının 37,1 faizi sənaye, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,3 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 9102,9 manata bərabər olub.