XİN: Pavel Durovun və Kemi Sebanın siyasi əqidələrinə və fikirlərinə görə Fransa tərəfindən təqib olunmaları qəbuledilməzdir

XİN: Pavel Durovun və Kemi Sebanın siyasi əqidələrinə və fikirlərinə görə Fransa tərəfindən təqib olunmaları qəbuledilməzdir

“Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durovun və Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan şəxs kimi tanınan Kemi Sebanın Fransa hüquq-mühafizə orqanları tərəfindən saxlanılması və onlar barəsində həbs-qətimkan tədbiri seçilməsi Fransada fundamental insan haqlarının pozuntusudur. Bu şəxslərin siyasi əqidəsinə və fikirlərinə görə təqib olunması qəbuledilməzdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransa tərəfindən “Telegram” sosial şəbəkəsinin təsisçisi Pavel Durovun və Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan Kemi Sebanın həbsi ilə bağlı yerli medianın sualına cavabında səsləndirib.

A.Hacızadə deyib ki, Fransa tərəfi aidiyyəti istintaqı tam şəffaf və ədalətli şəkildə aparmalı, beynəlxalq ictimaiyyət müvafiq olaraq məlumatlandırılmalıdır.

“Hesab edirik ki, Fransada siyasi motivli bu kimi həbslər Avropa İttifaqı, Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının aidiyyəti qurumları tərəfindən araşdırılmalı, müvafiq qiymət verilməlidir”, - deyə o qeyd edib.

2024-10-16