Azərbaycan Prezidenti: Macarıstanla münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur
Qarşılıqlı inama və etimada əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbana bu ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Məktubda Azərbaycan xalqı adından ən xoş arzularını çatdıran Prezident İlham Əliyev əlavə edib: “Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün sahələrdə genişləndirilməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk. Ali səviyyədə qarşılıqlı anlaşma və fəal siyasi dialoqun mövcudluğu bunun üçün əlverişli zəmin və imkanlar formalaşdırmışdır”.
Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Azərbaycan-Macarıstan dostluq münasibətlərinin və strateji tərəfdaşlığının möhkəmləndirilməsi və inkişafı yolunda birgə səylər dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə həm ikitərəfli qaydada, həm də çoxtərəfli müstəvilərdə, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.