Azərbaycanda növbəti bələdiyyə seçkiləri təyin edilib
Məzahir Pənahovun sədrliyi ilə noyabrın 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda əvvəlcə Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin təyin olunması məsələsinə baxılıb. Sədr M.Pənahov bununla bağlı qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verib və müvafiq qərar layihəsini diqqətə çatdırıb. Komissiya üzvlərinin yekdil qərarı ilə növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib. Sədr, həmçinin bildirib ki, seçkilər 685 bələdiyyəyə keçiriləcək və 118 seçki dairəsini əhatə edəcək.
Sonra “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın hər bir hissəsi ayrı-ayrılıqda oxunub və müzakirə olunaraq təsdiq edilib.
İclasda qarşıdan gələn bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması, habelə vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılmasına dair məsələyə də baxılıb, Komissiya üzvləri və Katibliyin əməkdaşları da daxil olmaqla, Mərkəzi Seçki Komissiyası nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. Dairə seçki komissiyaları nəzdində Seçki Məcəlləsinə uyğun şəkildə 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə seçki dairələrinin dairə seçki komissiyalarına həvalə edilib.
Komissiyanın iclasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində namizədliyin qeydə alınması məsələsinə Mərkəzi Seçki Komissiyasında baxılması zərurəti yarandığı halda təqdim edilmiş imza vərəqələrindəki imzaların və digər məlumatların düzgünlüyünün yenidən yoxlanılması üçün Komissiya nəzdində aidiyyəti qurumların mütəxəssislərindən ibarət İşçi qrupu yaradılıb və Mərkəzi Seçki Komissiyasının üzvü İşçi qrupunun rəhbəri təyin olunub.
Media subyektləri nümayəndələrinin də iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə də baxılıb.