Azərbaycanlıların qayıdış hüququna həsr olunmuş beynəlxalq konfransın yekun sənədi qəbul edilib

Azərbaycanlıların qayıdış hüququna həsr olunmuş beynəlxalq konfransın yekun sənədi qəbul edilib

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın yekun sənədi qəbul edilib.

AZƏRTAC xəbər verir ki, sənəddə konfransda aparılmış müzakirələrin xülasəsi verilir. Konfransın yekun sessiyasında sənədi Polşadan olan iştirakçı, Avrasiya Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı Jakub Voytsex Koreyba oxuyub.

Yekun sənəddə deyilir: "Aralarında parlament üzvləri, ictimai-siyasi xadimlər, vətəndaş cəmiyyəti fəalları və elm xadimləri olmaqla 51 ölkədən 200-dən artıq iştirakçı "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin olunması" mövzusunda ikinci beynəlxalq konfransda toplaşaraq, Ermənistandan məcburən çıxarılmış azərbaycanlıların qayıdış məsələsini və qlobal miqyasda məcburi köçkünlük problemini müzakirə etdilər.

İştirakçılar qeyd etdilər ki, köçkünlük insan hüquqlarının ən ciddi pozuntularından biridir və azərbaycanlıların Ermənistandan məcburi köçürülməsi hələ də həll olunmamış böyük bir ədalətsizlikdir.

İştirakçılar vurğuladılar ki, qayıdış hüququ beynəlxalq hüquqda möhkəm şəkildə təsbit olunub və təməl insan hüququ kimi tanınır. Onlar qayıdış hüququnun əsasları arasında Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt, Pinheiro Prinsipləri və beynəlxalq adət hüququnu qeyd etdilər.

İştirakçılar Ermənistanın zorla çıxarılmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri dönməsinə icazə verməkdən imtina etməsindən ciddi narahatlıq ifadə etdilər. Onlar Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokurorunu Ermənistanın azərbaycanlıların qayıdışına imkan verməməklə beynəlxalq hüquq və Roma Statutu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozmasını araşdırmağa çağırdılar.

İştirakçılar qayıdış prosesində mülkiyyət hüquqlarının bərpasının vacibliyini vurğuladılar. Onlar Ermənistan hökumətini müsadirə edilmiş və ya zorla ələ keçirilmiş əmlakların geri qaytarılması, məcburi köçkünlük zamanı dəymiş itkilərə görə kompensasiya ödənilməsi və zərərlərin əhatəli şəkildə həll olunması üçün zəruri addım atmağa çağırdılar. Qeyd etdilər ki, kompensasiya köçkünlərin maddi və emosional itkilərini qarşılamaq üçün mühümdür, lakin kompensasiya, ata-baba torpaqlarına qayıdış hüququnun əvəzi kimi və ya onu inkar etmək üçün istifadə edilə bilməz.

İştirakçılar Ermənistanın azərbaycanlıların mədəni irsinin, o cümlədən məscidlərin, qəbiristanlıqların və tarixi abidələrin sistemli şəkildə məhv olunmasından narahatlıq ifadə etdilər. Onlar bunu azərbaycanlı kimliyini silmək cəhdi kimi qiymətləndirərək, bu mədəni irsin vəziyyətinin qiymətləndirilməsi, qorunması və bərpası üçün UNESCO-nun və digər beynəlxalq təşkilatların cəlb olunmasına çağırdılar. İştirakçılar mədəni irsin qorunmasının barışıq və anlayış üçün əhəmiyyətini vurğuladılar.

İştirakçılar xatırlatdılar ki, azərbaycanlılar postsovet məkanında etnik münaqişələrin ilk qurbanları olmuş və beynəlxalq ictimaiyyətin yetərsiz reaksiyası digər münaqişələrin yaranmasına gətirib çıxarmışdır. Onlar vurğuladılar ki, Qərbi azərbaycanlıların təhlükəsiz qayıdış hüquqlarının tam bərpası dünyada münaqişələrin həlli üçün müsbət nümunə ola bilər.

İştirakçılar vurğuladılar ki, ədalət barışıq və daimi sülh üçün zərurətdir. İştirakçılar Ermənistanı azərbaycanlılara qarşı cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin şöhrətləndirilməsinə son qoymağa, nifaqı davam etdirən strukturları ləğv etməyə və Qərbi Azərbaycan İcması ilə konstruktiv dialoqa başlamağa çağırdılar. Onlar bildirdilər ki, barışıq üçün Ermənistanın tarixi ədalətsizlikləri aradan qaldırması, birgəyaşayış və inam üçün şərait yaratması vacibdir.

İştirakçılar geri dönəcək Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə qayıtması və qayıdış prosesinin hərtərəfli planlaşdırılması və resursla təmin edilməsi üçün BMT-ni və dünya dövlətlərini diplomatik səylər göstərməyə çağırdılar. İştirakçılar qayıdanların reinteqrasiyası sahəsində gözlənilən çətinlikləri qeyd etdilər və Qərbi azərbaycanlılar qayıdacaq yerlərdə infrastrukturların bərpası, onlara humanitar yardım göstərilməsi və uzunmüddətli inkişaf proqramlarının həyata keçirilməsi üçün əlaqələndirilmiş səylərin vacibliyini vurğuladılar.

Onlar Ermənistan hökumətini regional sülhə mane olan siyasətini və konstitusiya müddəalarını aradan qaldırmağa və iqtisadi və sosial əməkdaşlıq imkanlarını qəbul etməyə çağırdılar. Onlar Ermənistanın öz öhdəliklərinə uyğun olaraq kommunikasiyaları açmasının Cənubi Qafqazda ümumi rifaha və sabitliyə yardım edəcəyini bildirdilər.

İştirakçılar qayıdış hüququnu regional sülh və ədalətin əsas prinsipi kimi qəbul etməkdə qərarlı olduqlarını təsdiqlədilər. Onlar Qərbi azərbaycanlıların sülh, təhlükəsizlik və ləyaqətlə geri dönüşünün yalnız siyasət prioriteti deyil, həm də insan hüquqları və ləyaqətin təmin edilməsinə kollektiv qətiyyətin sınağı olduğunu vurğuladılar.

İştirakçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq hüququn aliliyinin təmin olunması, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, azad edilmiş ərazilərin bərpasında liderliyini və ədalət və barışıq istiqamətindəki səylərini yüksək qiymətləndirdilər. Onlar, həmçinin Qərbi Azərbaycan İcmasının insan hüquqları və beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz və ləyaqətli qayıdış səylərinə dəstək ifadə etdilər.

Bu xülasə konfrans zamanı qaldırılmış əsas məqamları əks etdirir və Ermənistandan məcburi köçürülmüş azərbaycanlılar üçün ədalətin, eləcə də bölgədə sülhün, təhlükəsizliyin və barışığın təşviqinə xidmət göstərir".

2024-12-06