Ballıcaya köçən keçmiş məcburi köçkünlərə evlərinin açarları təqdim olunub

Ballıcaya köçən keçmiş məcburi köçkünlərə evlərinin açarları təqdim olunub

Bu gün növbəti köç karvanı ilə Xocalı rayonunun Ballıca kəndinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 27 ailə olmaqla, 152 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub.

Açarların təqdim edilməsi mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov mənzillərin açarlarını ailələrə təqdim edərək, onlara doğma yurdlarında xoşbəxt və firavan həyat arzulayıb.

Xocalı sakinləri, keçmiş məcburi köçkünlər 32 ildən sonra öz vətənlərinə qayıtmalarının sevincini yaşayıb, evlərində məskunlaşıblar.

İşğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Ballıca kəndində də həyat yenidən canlanır. Yenidən bərpa edilən kənd su, qaz, elektrik enerjisi ilə təchiz olunub, internet xətti çəkilib. Tibb və polis məntəqələri üçün binalar, 200 şagird yerlik tam orta məktəb və 35 çarpayılıq uşaq bağçası da sakinlərin ixtiyarına verilib.

2024-12-13