III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdama səfər ediblər

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdama səfər ediblər

III Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdam rayonunda aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi ilə tanış olan Forum iştirakçılarına tarixi məkan haqqında məlumat verilib. Bildirilib ki, XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi, Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.

Burada Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın və xanlıqda müxtəlif illərdə hakimiyyətdə olmuş hökmdarlar - İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, həmçinin Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın məzarları olub. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. Lakin Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq və türbələr də erməni vandalizminə məruz qalıb. İşğaldan azad edildikdən sonra Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə restavrasiya və arxeoloji tədqiqat işləri həyata keçirilib. Kompleks nəinki Qarabağın, eləcə də Azərbaycanın mühüm turizm və mədəniyyət mərkəzlərindən biridir.

Forum iştirakçıları Ağdam Sənaye Parkına da baş çəkiblər. Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sahibkarlar dövlət vəsaiti hesabına infrastrukturla təmin edilirlər. Sənaye Parkında ümumi investisiyalarının həcmi 270 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Artıq investorlar tərəfindən Sənaye Parkına 121 milyon manatdan çox investisiya yatırılıb.

“Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyətin divar kağızları istehsalı zavoduna gələn qonaqlara bildirilib ki, investisiya həcmi 8 milyon manat olan müəssisə Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. Artıq müəssisədə istehsal olunan divar kağızlarının xaricə ixracına başlanılıb.

Forum iştirakçıları sonra Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi ilə tanış olublar. Məlumat verilib ki, kompleksi işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən mühüm yol-nəqliyyat layihələrindəndir. Dəmir yolu vağzalı gündəlik 800-1000 nəfər, avtovağzal isə gündəlik 1300-1500 nəfər sərnişinə xidmət edəcək. Kompleks vahid nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək. Ərazisi 8 hektara yaxın olan bu infrastruktur obyektində bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələri yaradılıb.

Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub.

Forum iştirakçıları sonda Xıdırlı kəndinə gəliblər. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, işğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da quruculuq işləri geniş vüsət alıb. Ağdam şəhəri ilə yanaşı rayonun kəndlərinin tikintisi həyata keçirilir.

Xıdırlı kəndinə 1-ci və 2-ci mərhələ üzrə 6 minə yaxın əhalinin köçürülməsi, 1498 fərdi evin inşası nəzərdə tutulur. Kəndin 1-ci mərhələsinin açılışı iyulun 3-də olub. Bu mərhələdə kənddə 719 fərdi ev, zəruri müasir sosial infrastruktur, o cümlədən inzibati və xidmət binaları tikilib. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilib.

Ağdam rayonu ilə tanışlıqdan sonra Forum iştirakçıları Xocalıya yola düşüblər.

2025-07-20