Xocalının Xanyurdu kəndində daha 19 ailəyə evlərinin açarları təqdim olunub

Bu gün köç karvanı ilə Xocalı rayonunun Xanyurdu kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 19 ailə olmaqla, 62 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub. Xanyurdu kəndinə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Açarların təqdimat mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, işğaldan azad olunandan sonra təmir və bərpa işləri aparılan kənddə sakinlərin rahat yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Elektrik, qaz, içməli su, rabitə xətləri çəkilib, yol infrastrukturu yenilənib. Yaxın vaxtlarda məktəb binası, uşaq bağçası, tibb məntəqəsi və digər sosial obyektlər istifadəyə veriləcək.
Ailələr açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.
Doğma yurda qayıdan kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, onların ailələrinə səbir diləyiblər.