Altı yaşlı gimnastımız beynəlxalq turnirdə ilk medalını qazanıb

Altı yaşlı gimnastımız beynəlxalq turnirdə ilk medalını qazanıb

Macarıstanın Budapeşt şəhərində ənənəvi “Bahar kuboku-2020” bədii gimnastika üzrə beynəlxalq turniri keçirilib.

AZƏRTAC xəbər verir ki, Macarıstanla yanaşı, Rusiya, Avstriya, Xorvatiya, Almaniya, Slovakiya, Kipr, Ukrayna, Sloveniyanın iştirak etdiyi bu yarışmada Azərbaycanı təmsil edən idmançıların sırasında yarışın ən kiçik iştirakçısı olan Dəniz Abbasovanın debütü diqqəti cəlb edib.

2014-cü il təvəllüdlü gimnastlar arasında 3-cü yerə layiq görülən azyaşlı təmsilçimiz bu yarışa Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer Gülnarə Xəlilovanın məxsusi olaraq bu çıxış üçün hazırladığı və milli ornamentlərlə zəngin idman geyimində qatılıb.

Vətəndən uzaqda yaşasalar da ölkəmizi belə məsul beynəlxalq idman tədbirlərində layiqincə təmsil edən balaca həmyerlilərimiz - Mina və Dəniz Abbasovalar, əkiz bacılar - Əsmər və Sofiya Seyidovalar ümumilikdə turnirdə 5 medal - (3 qızıl, 2 gümüş, 1 bürünc) qazanıblar.

Xatırladaq ki, Dəniz Abbasova 5 yaşından Azərbaycanı bir çox beynəlxalq yarışlarda təmsil edən balaca gimnastımız Mina Abbasovanın bacısıdır və 7 aydır Macarıstanda fəaliyyət göstərən Beynəlxalq dərəcəli hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi “Rus Rg Sport” klubunun üzvüdür.

2020-03-09