Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb

Birinci vitse-prezident Mehriban Əliyeva Roma Papası XIV Leo ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 17-də Roma Papası XIV Leo ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Roma Papası XIV Leo tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan ilə Azərbaycan arasında son illərdə münasibətlərin, ikitərəfli əlaqələrin xeyli dərəcədə inkişaf etdiyini vurğulayıb. Birinci vitse-prezident son illər ərzində Heydər Əliyev Fondunun bərpa işlərində, həmçinin elmi araşdırmalarda, mədəni mübadilələrdə Müqəddəs Taxt-Tacla bir çox işlər gördüyünü diqqətə çatdırıb.

Birinci vitse-prezident Heydər Əliyev Fondu ilə Vatikan arasında imzalanmış sazişlərə əsasən bəzi layihələrin uğurla başa çatmasından sonra digərlərinin icrasına başlanıldığını vurğulayıb.

Mehriban Əliyeva bundan sonra da Heydər Əliyev Fondunun yeni təşəbbüslərlə çıxış edərək Müqəddəs Taxt-Tacla əməkdaşlığını genişləndirəcəyini deyib.

Görüşdə Müqəddəs Taxt-Tacın Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti, eyni zamanda, ikinci Katolik Kilsənin tikintisi ilə əlaqədar aparılan hazırlıq işləri barədə məlumat verilib.

Roma Papası XIV Leo Vatikan dövləti ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlığın uzun tarixə malik olduğunu diqqətə çatdırıb. Roma Papası bir neçə il əvvəl Mehriban xanımın irəli sürdüyü təşəbbüslər sayəsində münasibətlərin xeyli inkişaf etdiyini deyərək, Birinci vitse-prezidentə təşəkkürünü bildirib. XIV Leo bu əməkdaşlığın dinlərarası və sivilizasiyalararası dialoqa çox böyük təkan verdiyini, Azərbaycanın da bu baxımdan dünya miqyasında ilk sıralarda yer aldığını qeyd edib.

Müqəddəs Taxt-Tacın rəhbəri Vatikanın Azərbaycanla bu layihələri davam etdirməkdə maraqlı olduğunu deyərək, ikinci Katolik Kilsənin tikintisinə ayrılmış torpaq sahəsinə görə təşəkkürlərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib. Roma Papası Heydər Əliyev Fonduna görülən işlərə görə minnətdarlığını ifadə edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Taxt-Tacın rəhbərinə minnətdarlığını bildirərək, Roma Papasını Azərbaycana səfərə dəvət edib.

2025-10-17