Vyanada “Beynəlxalq sülh və təhlükəsizlikdə neytral və bloklara qoşulmayan dövlətlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib
Vyana Diplomatiya Akademiyasında “Beynəlxalq sülh və təhlükəsizlikdə neytral və bloklara qoşulmayan dövlətlərin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR Center), Müharibə nəticələrinin araşdırılması üzrə Lüdviq Boltsmann İnstitutu və Vyana Diplomatiya Akademiyasının birgə təşkil etdiyi konfransda neytral və bloklara qoşulmayan dövlətlərin, xüsusilə də Azərbaycan və Avstriyanın siyasəti, onların təhlükəsizlik təminatçısı kimi rolu və sülhə, sabitliyə, həmçinin mövcud və yeni yaranan transmilli çağırışların həllinə verdikləri töhfələri müzakirə olunub.
Vyana Diplomatiya Akademiyasının direktor müavini Martina Şubert və Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli konfransa açılış nitqi ilə çıxış ediblər. R. Sadıqbəyli bildirib ki, hazırda Avropada və dünyada müşahidə olunan təhlükəsizlik böhranı – beynəlxalq hüququn əsas prinsiplərinin pozulması, etimadın və inamın aşınması, siyasi-hərbi bloklar arasında dərinləşən uçurumlar, eləcə də qlobal dinamikaların və ittifaqların dəyişməsi dünyanın gələcək təhlükəsizlik və sabitlik mənzərəsinə dair qeyri-müəyyənliyi artırır. Bu dəyişkən təhlükəsizlik mühiti, həmçinin neytral və bloklara qoşulmayan dövlətlər üçün çətinliklər yaradır. Çünki onlar təhlükəsizliklərini siyasi-hərbi bloklara üzvlük vasitəsilə təmin edə bilmirlər və bu bloklardan təhlükəsizlik zəmanətlərinə ehtiyac duyurlar.
Diqqətə çatdırılıb ki, bu il Azərbaycanın Konstitusiyasının qəbulunun 30 illiyi və Avstriyanın əbədi neytrallığının elan olunduğu Dövlət Müqaviləsinin 70 illiyi qeyd edilir. Avstriya 1955-ci ildə neytrallığını elan edərək, hərbi ittifaqlara qoşulmamaq qərarı verib. Azərbaycan isə 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra heç bir siyasi-hərbi bloka qoşulmadan bütün ölkələrlə dost münasibətlər qurmağa çalışan çoxşaxəli xarici siyasət yürüdüb. Azərbaycanın “Qoşulmayan” statusu beynəlxalq səviyyədə tanınıb və ölkə 2011-ci ilin may ayında Qoşulmama Hərəkatının tamhüquqlu üzvünə çevrilib.
Konfransın sessiyalarında neytrallıq və strateji müstəqilliyə yeni baxışlar, yeni geosiyasi kontekstdə bloklara qoşulmadan xarici siyasətin həyata keçirilməsi mövzularında çıxışlar dinlənilib, fikir mübadiləsi aparılıb. Sessiyalarda BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Avropa və Təhlükəsizlik Siyasəti üzrə Avstriya İnstitutunun baş məsləhətçiləri Frants Tsede və Martin Saydik, hərbi tarixçi Ervin Şmidl, Ludviq Boltsmann İnstitutunun təmsilçisi Anna Qraf-Ştayner, Vyana Universitetinin müəllimi Ralf Yanik, Strateji Analizlər üzrə Mərkəzin prezidenti Valter Fayxtinqer və digər məruzəçilər çıxış ediblər.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev vurğulayıb ki, 2011-ci ildə Azərbaycanın Qoşulmama Hərəkatına qoşulması ölkəmizin “Bandunq Prinsipləri”nə sadiqliyini nümayiş etdirib. Bu siyasi xətt hazırda da davam etdirilir və Azərbaycan regional əməkdaşlıqla yanaşı, ikitərəfli münasibətlərə, xüsusilə Türkiyə ilə müttəfiqlik əlaqələrinin dərinləşdirilməsinə xüsusi önəm verir.
BMTM rəhbərinin sözlərinə görə, “soyuq müharibə”dən sonra Azərbaycan müxtəlif istiqamətlərdə - həm Müstəqil Dövlətlər Birliyi (MDB), həm də Avrointeqrasiya çərçivəsində əməkdaşlıq imkanlarını dəyərləndirsə də, mövcud geosiyasi vəziyyət ölkəmizi balanslaşdırılmış və praqmatik xarici siyasət xətti yürütməyə səbəb olub.
"2019-2023-cü illərdə Hərəkata sədrliyimiz dövründə Azərbaycan beynəlxalq həmrəyliyin gücləndirilməsi, pandemiya dövründə ədalətli vaksin bölgüsünün təşviqi, eləcə də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının və Parlament Şəbəkəsinin yaradılması kimi vacib təşəbbüslərlə çıxış edib.
F. Şəfiyev bildirib ki, ölkəmiz beynəlxalq hüququn əsas norma və prinsiplərinin, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinin qorunmasını hər zaman prioritet hesab edib. Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyətinin İkinci Qarabağ müharibəsində Azərbaycanın suverenliyini dəstəkləməsi hərəkat daxilində qarşılıqlı etimadın və dostluğun bariz nümunəsi kimi dəyərləndirilib.
BMTM rəhbəri, həmçinin rəsmi Bakının beynəlxalq platformalarda dialoqun, çoxtərəfliliyin və beynəlxalq ədalətin təşviqinə yönəlik təşəbbüsləri dəstəkləməyə davam etdiyini diqqətə çatdırıb.
"Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri də vasitəçilik missiyasının təşviqidir. Ölkəmiz son illərdə bir sıra dövlətlərin nümayəndələri arasında aparılan danışıqlara ev sahibliyi etməklə regionda sülh və sabitliyə töhfə verən etibarlı tərəfdaş imicini gücləndirib", - deyə F.Şəfiyev vurğulayıb.
Çıxışlardan sonra mövzular ətrafında sual-cavab və fikir mübadiləsi aparılıb.

