“Azərbaycan dili” platformasının təqdimat mərasimi keçirilib
Dekabrın 28-də Azərbaycan Dillər Universitetində “Azərbaycan dili” platformasının təqdimat mərasimi keçirilib. Layihənin ideya müəllifi və rəhbəri Alena Əliyevadır.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və layihənin ideya müəllifi və rəhbəri Alena Əliyeva iştirak ediblər.
Əvvəlcə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla qonaqlara universitetin fəaliyyəti haqqında məlumat verib. Azərbaycan Dillər Universitetinin muzeyinə baş çəkən qonaqlar muzeyin fəaliyyəti ilə tanış olub, eksponatlar haqqında məlumatlandırılıblar.
Təqdimat mərasimində çıxış edən Kamal Abdulla platformanın Azərbaycan dilinin qorunması, inkişafı və müasir rəqəmsal mühitdə təbliği baxımından əhəmiyyətindən bəhs edib.
"Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı söylədiklərinin fonunda bu cür platformanın realizə olunmasına böyük ehtiyac var idi. Universitetin alimləri və gənc mütəxəssisləri bu işi şərəflə yerinə yetirdilər.
Azərbaycan Dillər Universiteti olaraq Azərbaycan dilinin, mədəniyyətinin, multikulturalizm modelinin xarici ölkə universitetlərində mərkəzlərini yaradır, o mərkəzlərdə dilimizi həmin ölkənin gənclərinə öyrədirik. Belə platforma və layihələrin yaranması faktiki olaraq Prezident İlham Əliyevin bu istiqamətdə gördüyü işlərlə bağlıdır. Platformaların bir-biri ilə əlaqəsi vacibdir. Çünki ən müxtəlif instansiyalarda, universitetlərdə, qurumlarda, nazirliklərdə dövlətimizin başçısının göstərişlərinə, tövsiyələrinə əsasən müəyyən işlər aparılır. Amma təəssüf ki, həmin platforma və layihələr bir-birindən xəbərsiz şəkildə həyata keçirilir. Arzu edirəm ki, həmin platformalar bir-birini dəstəkləsin, tamamlasın, hər biri sürəklilik nümayiş etdirsin. Bunun üçün Koordinasiya Şurasının yaradılması arzuolunandır. Belə olan halda Prezident İlham Əliyevin göstərişlərini daha məqsədyönlü şəkildə həyata keçirə bilərik", - deyə K.Abdulla vurğulayıb.
Layihənin ideya müəllifi və rəhbəri Alena Əliyeva çıxışı zamanı təhsilin cəmiyyətimizdə vacib rola malik olduğunu bildirib. O, platformanın təqdimatı münasibətilə hər kəsi təbrik edib. Layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Azərbaycan Dillər Universitetinə, o cümlədən layihənin bütün iştirakçılarına minnətdarlığını bildirib.
Daha sonra Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova və layihənin koordinatoru Səbinə Əliyeva “Azərbaycan dili” platformasının təqdimatını ediblər. Təqdimatda platformanın yaradılma məqsədləri, funksional imkanları və müxtəlif yaş və istifadəçi qrupları üçün nəzərdə tutulmuş məzmunu barədə ətraflı məlumat verilib.
Tədbirdə təbrik nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan dili” platformasının dövlət dilinin öyrədilməsi və tədrisinin keyfiyyətinin artırılmasına, həmçinin rəqəmsal təhsil resurslarının genişləndirilməsinə mühüm töhfə verəcəyini bildirib. Nazir bu cür təşəbbüslərin Azərbaycan dilinin müasir çağırışlara uyğun inkişafında xüsusi rol oynadığını vurğulayıb.
Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması istiqamətində tapşırıqlarına uyğun olaraq ölkəmizdə görülən işlərdən bəhs edən nazir bildirib: “Platformanın mahiyyəti ana dili Azərbaycan dili olmayan insanlara da bizim dili öyrətməkdən ibarətdir. Azərbaycan dili kifayət qədər geniş əhatəyə malikdir. 50 milyondan çox insan həmin dildə danışır. Bu dilin mənimsənilməsi bir neçə baxımdan əhəmiyyətlidir. İstər Azərbaycanda təhsil alan xarici tələbələr, istər ölkəmizdə işləmək istəyən əcnəbilər, yaxud da Azərbaycan dilini xarici dil kimi öyrənmək istəyənlər üçün həmin platforma vacib rol oynayacaq. Platforma ingilis dili üzərində qurulub. Lakin düşünürəm ki, digər dillərə də tərcümə edilməsi mümkündür. Platformada süni intellekt həllərindən aktiv istifadə olunub. Platformanın uğurlu olacağına əminəm”.
Sonra “Azərbaycan dili” platformasına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Daha sonra çıxış edən pakistanlı tələbə, Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Pakistan mərkəzinin doktorantı Mahmut Əthar universitetdə təhsil aldığı müddətdə Azərbaycan dilini öyrənmək, inkişaf etdirmək və gündəlik həyatının bir parçasına çevirmək imkanı əldə etdiyini deyib.
Dilin xalqın ruhu, mədəniyyəti, onun düşüncə tərzi olduğunu vurğulayan M.Əthar fikirlərinə belə davam edib: “Azərbaycan dili çox zəngin bir dildir. Çünki o, Nizaminin, Füzulinin dilidir. Biz fəaliyyət göstərdiyimiz mərkəz vasitəsilə Azərbaycan dili və mədəniyyətinin xaricdə tanıdılmasına töhfə verməyə çalışırıq. İslamabadda Azərbaycan mərkəzi ilə birlikdə Azərbaycan dilinin təbliği, mədəni tədbirlərin təşkili istiqamətində işlər görürük. Biz pakistanlı tələbələrin Azərbaycan dilini öyrənməsi üçün bir kitab nəşr etdirmişik. Bu təşəbbüslə biz Azərbaycan dilinin beynəlxalq miqyasda daha geniş tanınmasına bir töhfə veririk. Məndən Azərbaycan dilini necə öyrəndiyimi soruşurlar. Rektorumuz bizə hər zaman Prezident İlham Əliyevin bütün çıxışlarına diqqətlə qulaq asmağı tövsiyə edir. Bu, Azərbaycan dilini öyrənmək üçün əsas üsuldur. Azərbaycan dili güclü birləşdirici təsirə malik dildir. Həmin dil bizi müxtəlif ölkə və millətlərdən olan insanlarla bir araya gətirir. Azərbaycan dili, sadəcə, bir ünsiyyət vasitəsi deyil. Həmin dil insanları, mədəniyyətləri, ölkələri birləşdirən güclü bir körpüdür. Bu dili öyrənməkdən qürur duyuram”.
Azərbaycan Dillər Universitetinin keçmiş məzunlarından olan tanınmış jurnalist, Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusman çıxışı zamanı Azərbaycan dilinə marağın getdikcə artdığını bildirib: “Amerika Birləşmiş Ştatlarının Stanford Universitetində hər il müxtəlif ölkələrin və xalqların dilinə maraqla bağlı araşdırma aparılır. Biz nisbətən az əhalisi olan kiçik bir ölkəyik. Stanford Universiteti göstərir ki, son bir ildə Azərbaycan dilinə marağın inanılmaz dərəcədə artdığı müşahidə olunur. Bu, çox vacibdir. Bu, Prezident İlham Əliyevin yürütdüyü heyrətamiz siyasətə dünya miqyasında göstərilən marağa tam uyğundur. Buna milyonlarla sübut var. Melodik, gözəl, zəngin və nəcib Azərbaycan dilinə bu gün dünyada getdikcə daha çox tələbatın olması Prezidentin rəhbərliyi ilə ölkənin hansı yolda yürüdüyünün nəticəsidir. Bu inanılmaz platforma üçün təşəkkür edirəm. Çox vaxtında ərsəyə gələn bir işdir. Onu yaradanlara minnətdaram”.
Azərbaycan Dillər Universitetini 55 il əvvəl bitirdiyini diqqətə çatdıran M.Qusman fərqlənmə diplomu ilə məzun olduğunu da qeyd edib.
Təqdimat mərasimi çərçivəsində bədii hissə də nümayiş etdirilib.
Təqdimat mərasimi xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, platforma Azərbaycan dilinin öyrədilməsi, tədrisi və rəqəmsal resurslar vasitəsilə geniş auditoriyaya çatdırılması məqsədilə hazırlanıb.
Təqdimat mərasiminin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində keçirilməsi Azərbaycan dilinin dünya azərbaycanlılarını birləşdirən əsas dəyərlərdən biri olduğunu bir daha nümayiş etdirib.

