Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Münxen Təhlükəsizlik Konfransı çərçivəsində yüksəksəviyyəli tədbir təşkil edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Münxen Təhlükəsizlik Konfransı çərçivəsində yüksəksəviyyəli tədbir təşkil edib

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış Qlobal Nizamda Multilateralizm” mövzusunda yüksəksəviyyəli tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, dəyirmi masa müzakirəsi multilateralizmin mövcud geosiyasi parçalanma şəraitində effektivliyinin və legitimliyinin qorunması, BMT-nin 80 ildən sonrakı fəaliyyətindəki mövcud ola bilən reformlarına həsr edilib.

Tədbirdə BMT-nin yüksəkvəzifəli nümayəndələri, sabiq dövlət və hökumət başçıları, nazirlər, regional təşkilat rəhbərləri və aparıcı strateji ekspertlər daxil olmaqla 15-dən artıq ölkədən 40-a yaxın yüksəksəviyyəli şəxs iştirak edib.

Sessiyalar çərçivəsində Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev, Kral Faysal İslam Araşdırmaları Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Əl Faysal, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Seneqalın sabiq Prezidenti Maki Sall, Avropa İttifaqının Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi Eduards Stiprays, BMT Baş Assambleyasının 73-cü sessiyasının Prezidenti Maria Fernanda Espinosa, Özbəkistan Senatının sədr müavini Sodiq Safoyev və Avstriyanın sabiq Kansleri Sebastian Kurz çıxış ediblər.

Nahar müzakirəsi zamanı BMT Baş katibinin müavini və Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinos, Ərəb Liqasının sabiq Baş katibi Amr Moussa, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Yunanıstanın sabiq Baş naziri Corc Papandreou, BMT Baş Assambleyasının 72-ci sessiyasının Prezidenti Miroslav Laycak, Özbəkistan Prezidentinin yanında Təhlükəsizlik Şurası katibinin birinci müavini Eldor Aripov və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov qlobal əməkdaşlığın gələcək istiqamətləri barədə fikirlərini bölüşüblər.

Tədbirdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında inkişaf edən əməkdaşlıq formatları, Trans-Xəzər bağlantısının artan strateji rolu, postmünaqişə normallaşma prosesləri və regional təşəbbüslərin qlobal çoxtərəfli çərçivələrlə qarşılıqlı tamamlayıcılığı xüsusi vurğulanıb.

2026-02-16