Parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmiz əleyhinə aparılan hibrid hücumlara dair açıqlama yayıb

Parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası ölkəmiz əleyhinə aparılan hibrid hücumlara dair açıqlama yayıb

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası son dövrlərdə rəqəmsal platformalarda və müxtəlif media kanallarında ölkəmiz əleyhinə aparılan dezinformasiya kampaniyasının kökündə duran bir sıra məqamları öz səlahiyyətləri çərçivəsində araşdırıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizə qarşı aparılan bu qeyri-dost hərəkətlərin təhlili və qiymətləndirilməsi nəticəsində aşağıdakı hallar müəyyən edilib:

• Həmin fəaliyyətlər vahid mərkəzdən idarə olunur;

• Bir ildən çox davam edən hibrid hücumlar çoxsəviyyəli təzyiq strategiyasının bir hissəsidir;

• Bu anti-Azərbaycan strategiya ictimai rəyi çaşdırmağa, cəmiyyətdə qütbləşmə yaratmağa, dövlətə və onun institutlarına inamı sarsıtmağa hesablanmış informasiya manipulyasiyalarından ibarətdir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün tam bərpası, suverenlik iradəsinin güclənməsi, eyni zamanda, ölkəmizin qlobal enerji təhlükəsizliyinə verdiyi töhfə, nəqliyyat dəhlizlərinin yaradılması və regional inkişaf məsələlərində müstəqil qərarların qəbul edilməsi, beynəlxalq tərəfdaşlıqların daha da gücləndirilməsi onun hədəflənmiş kampaniyaya, əsassız ittihamlar ehtiva edən məqsədyönlü dezinformasiyaya məruz qalmasına səbəb olub.

Azərbaycan Respublikası hər cür hibrid təhdidə və informasiya məkanının pozulmasına qarşı öz hüquqlarını qorumaqda qətiyyətini dəyişməyəcək.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya davam edən dezinformasiya kampaniyası fonunda vətəndaşlarımızı yalnız Azərbaycanın dövlət qurumları və rəsmiləri tərəfindən verilən məlumatlara istinad etməyə və inanmağa çağırır.

2026-02-20