Fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-i Beynəlxalq Ana Dili Günüdür

Fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günüdür. Dil hər bir xalqın milli kimliyinin əsasını təşkil edir.

AZƏRTAC Azərbaycan dilinin inkişafı və tətbiqi ilə bağlı ölkəmizdə görülən işlərə nəzər salır.

Tarixin sınaqlarından zəfərə doğru

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsi üçün mühüm tədbirlər həyata keçirib. Hələ 1978-ci ildə Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsdiq edilməsi o dövr üçün böyük bir siyasi cəsarət idi. Müstəqillik illərində isə - 2001-ci ildə latın qrafikasına tam keçid və hər il avqustun 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması dilimizin özünəqayıdış prosesini tamamladı. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi dilimizin dövlət dili kimi işlədilməsi, tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd Ümummilli Lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

Dövlət siyasəti və təşəbbüslər

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin qorunması məsələsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

Xatırladaq ki, dövlətimizin başçısı AMEA-nın 80 illik yubiley yığıncağında çıxışı zamanı və bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində də Azərbaycan dilinin yad təsirlərdən qorunmasının vacibliyini vurğulayıb.

Müasir çağırışlar və qloballaşma

Hazırda Azərbaycan dilinin virtual məkanda təbliği istiqamətində böyük işlər görülür. Süni intellekt sistemlərində dilimizin tətbiqi, dünya ədəbiyyatı incilərinin kütləvi şəkildə ana dilimizə tərcümə olunaraq nəşr edilməsi gənc nəslin öz dilinə olan marağını artırır. Bizim dilimiz təkcə poeziya dili deyil, həm də elm, texnologiya və diplomatiya dilidir. Dövlətin gördüyü işlər nə qədər böyük olsa da, dilin əsl qoruyucusu xalqdır. Sosial şəbəkələrdə yazarkən, gündəlik ünsiyyətdə olarkən dilimizin qaydalarına riayət etmək hər birimizin vətəndaşlıq borcudur.

Qeyd edək ki, 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Məqsəd dil və mədəni müxtəlifliyi təşviq etmək, çoxdilliliyi dəstəkləməkdir.

2026-02-21