AZƏRTAC-ın “Böyük çağırış və liderin xilaskarlıq missiyası” sərlövhəli məqaləsini 23 ölkənin 45 saytı dərc edib

AZƏRTAC-ın “Böyük çağırış və liderin xilaskarlıq missiyası” sərlövhəli məqaləsini 23 ölkənin 45 saytı dərc edib

Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə təcrübəsi bir çox ölkələrdə maraqla qarşılanır. AZƏRTAC-ın İdarə Heyətinin sədri, OANA-nın vitse-prezidenti Aslan Aslanovun bu mövzuda yazdığı “Böyük çağırış və liderin xilaskarlıq missiyası” sərlövhəli analitik məqalə son bir həftədə 23 ölkənin 45 saytında dərc edilib.

Azərbaycanın koronavirusla mübarizə təcrübəsindən bəhs edən məqaləni yayan KİV-lərin sırasına son günlər yeniləri əlavə olunub. Bu sırada Malayziyanın aparıcı BERNAMA informasiya agentliyi də var. AZƏRTAC-ın yaxın tərəfdaşlarından olan BERNAMA məqaləni özünün ingilis dilindəki saytında oxucularına olduğu kimi, tam həcmdə təqdim edib.

Məqalə, həmçinin Paraqvayın “Revista logistika” və “İndependiente” qəzetləri, Ukraynanın “L.B.ua”, Qırğızıstanın “Turkelpress”, Qazaxıstanın “Turkistan News” saytları və digər informasiya resursları tərəfindən də yayılıb.

Xatırladaq ki, AZƏRTAC-ın analitik yazısı bundan əvvəl Çinin ingilisdilli “China Daily” qəzetində, Avropa İttifaqının “EU Politics”, ABŞ-ın “Foreign Policy News”, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) portallarında, Ukraynanın Ukrinform, Rumıniyanın “Amos news” agentliklərində, Almaniyanın “Berliner Press” saytında, habelə Türkiyə, Rusiya, Misir, İndoneziya, Özbəkistan, Gürcüstan və digər ölkələrin mediasında yer alıb.

“Böyük çağırış və liderin xilaskarlıq missiyası” sərlövhəli məqalədə Prezident İlham Əliyevin koronavirusla mübarizə strategiyasının müsbət nəticələri təhlil olunur. Koronavirusa qarşı mübarizənin Azərbaycan modelindən, insan həyatının qorunması və əhalinin sosial müdafiəsi istiqamətində paralel olaraq həyata keçirilən tədbirlərdən söhbət açılır. Dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşləri pandemiya ilə mübarizədə Azərbaycanın dünyaya həmrəylik və əməkdaşlıq mesajları kimi səciyyələndirilir.

2020-05-13