Kolumbiyanın ölkəmizdəki yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib

Kolumbiyanın ölkəmizdəki yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib

Martın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Kolumbiyanın ölkəmizdəki yeni səfiri Nelsi Rakel Munar Xaramiyonla görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. C.Bayramov səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.

Tərəflər iki ölkə arasında siyasi dialoqun genişləndirilməsi, iqtisadiyyat, ticarət, turizm, təhsil və mədəniyyət, minasızlaşdırma fəaliyyəti və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. Bu və digər istiqamətlərdə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrə hazırlıq işləri barədə məlumat verilib.

Hər iki ölkənin BMT, Qoşulmama Hərəkatı digər çoxtərəfli platformalarda sülh, təhlükəsizlik, davamlı inkişaf sahələrində bir-birini dəstəklədiyi məmnunluqla bildirilib. Münasibətlərdə Parlamentlərarası ölçünün əhəmiyyəti qeyd olunub, dostluq qrupları arasında qarşılıqlı təmasların və səfərlərin faydalı olduğu diqqətə çatdırılıb.

Tərəflər Yaxın Şərqdə müharibə fonunda mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Kolumbiya səfiri ölkəsinin Xarici İşlər Nazirliyinin eskalasiya ilə bağlı açıqlama verdiyini, deeskalasiyanın əhəmiyyətli olduğunu bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli, eləcə də regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparılıb.

2026-03-10