Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur
Martın 31-i səhər saatlarından başlayaraq Azərbaycanlıların Soyqırımının 108-ci ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksi kütləvi şəkildə ziyarət edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ziyarətçilər arasında hökumət və dövlət nümayəndələri, Milli Məclisin deputatları, müxtəlif idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri, respublikamızın bölgələrindən olan şagird və tələbələr, sıravi vətəndaşlar, eləcə də xarici vətəndaşlar var.
Memorial Kompleksdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən foto və kitab sərgisi təşkil olunub.
Quba Soyqırımı Memorial Kompleksinə gələn ziyarətçilər ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılırlar. Ziyarətçilərə kompleksin bələdçiləri tərəfindən 4 dildə (Azərbaycan, ingilis, rus və ərəb) soyqırımı haqqında informasiyalar verilir.
Kompleks fəaliyyətə başladığı 2013-cü ildən indiyə kimi ümumilikdə 1,25 milyondan çox ziyarətçi qəbul edib. Bu ziyarətçilərin 200 minə yaxını əcnəbilərdir.

