Ceyhun Bayramov Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb
Aprelin 14-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Azərbaycan-Rusiya münasibətlərinin siyasi, iqtisadi-ticarət və humanitar aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Əməkdaşlıq gündəliyində duran məsələlərin müzakirəsi baxımından qarşılıqlı səfərlərin və təmasların əhəmiyyəti vurğulanıb.
Tərəflər Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin ikitərəfli iqtisadi əlaqələrin inkişafında mühüm rol oynadığını qeyd edərək, bu mexanizm çərçivəsində görülən işlər və perspektiv istiqamətlər üzrə müzakirələr aparıblar.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

