Los-Ancelesdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Los-Ancelesdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Azərbaycanın Müstəqillik Günü münasibətilə Los-Ancelesdə yerləşən Vende Muzeyində qəbul təşkil olunub.

Ölkəmizin Los-Ancelesdəki Baş konsulluğundan AZƏRTAC-a bildirilib ki, 250-dən çox şəxsin qoşulduğu tədbirdə yerli ictimai xadimlər, federal qurumların nümayəndələri, müxtəlif ölkələrin baş konsulları, elm və mədəniyyət sahələrinin nümayəndələri, media təmsilçiləri, Azərbaycan icmasının üzvləri, eləcə də müxtəlif milli və dini icmaların nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycanın və ABŞ-nin dövlət himnlərinin gənc, istedadlı ifaçı Nail Qurbanov tərəfindən səsləndirilməsi ilə başlayıb.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Vüqar Qurbanov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətindən bəhs edib, müsəlman Şərqində ilk demokratik respublika kimi onun dövlətçilik tariximizdə xüsusi yer tutduğunu vurğulayıb.

Baş konsul qeyd edib ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra ciddi siyasi və iqtisadi çağırışlarla üzləşsə də, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət nəticəsində ölkədə sabitlik, davamlı inkişafın əsasları təmin olunub.

V.Qurbanov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərə, həyata keçirilən genişmiqyaslı layihələrə və ölkənin beynəlxalq nüfuzunun artmasına toxunub. O, Azərbaycanın regional sülh və əməkdaşlıq gündəliyinə sadiq olduğunu və bu istiqamətdə ardıcıl addımlar atdığını diqqətə çatdırıb.

Kalver Siti və İnqlvud şəhərlərinin merləri Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib, bu münasibətlə qəbul olunmuş xüsusi təbrik bəyannamələrini oxuyaraq Baş konsulluğa təqdim ediblər.

Bayram proqramı çərçivəsində tanınmış rəssam Nazim Hacıyevin əsərlərindən ibarət sərgi nümayiş olunub, Azərbaycan mədəniyyətini və milli irsini əks etdirən eksponatlar, eləcə də milli geyim nümunələri qonaqlara təqdim edilib.

Musiqi proqramında Emin Kərimi, Bəhmən Mirzəzadə və Anar Allahverdiyev tərəfindən Azərbaycanın xalq mahnıları səsləndirilib. Azərbaycanlı uşaqlardan ibarət rəqs kollektivinin çıxışları, “Atəşin Səsi” qrupunun təqdim etdiyi ritmik musiqi nömrələri, həmçinin Anar Allahverdiyev və Ləman Musayevanın ifasında milli rəqslər proqramı daha da rəngarəng edib.

Qonaqlar, həmçinin tədbir boyunca Azərbaycan mətbəxinin nümunələri və milli şirniyyatlarla tanış olmaq imkanı əldə ediblər.

2026-05-31