Füzulidə Aerokosmik Modelçilik Festivalında 200 nəfərə yaxın gənc bacarıqlarını nümayiş etdirib
Qarabağ iqtisadi zonasında yerləşən Füzuli Beynəlxalq Hava Limanında “Aerokosmik Modelçilik Festivalı 2026” keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”, Milli Aviasiya Akademiyası və “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin keçirilməsində əsas məqsəd ölkəmizdə raket və peyk modelçiliyinin inkişafına, gənclərdə innovativ düşüncə tərzinin formalaşdırılmasına, texniki yaradıcılığın təşviqinə və sağlam həyat tərzinin təbliğinə dəstək vermək olub.
Əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Festivalın açılış mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və ilk türk astronavtı Alper Gezeravcı çıxış edərək aerokosmik sahənin inkişaf perspektivləri, gənclərin innovativ düşüncəsinin təşviqi və festivalın elmi-texniki yaradıcılığın inkişafına verdiyi töhfədən bəhs ediblər.
Gənclər və İdman Nazirliyinin fəaliyyətinin 32-ci ildönümünə həsr olunan tədbirlər silsiləsinə daxil edilən festival gənclərin hazırladıqları aerokosmik modellərin, innovativ layihələrin və texnoloji həllərin nümayişi üçün mühüm platforma olmağı hədəfləyir. Artıq dördüncü dəfə təşkil olunan festival iki mərhələdə, 12 kateqoriya üzrə keçirilib. Yarış proqramına “S-3-B Paraşüt”, “S-3-C Paraşüt”, “S-4-D Raketaplan”, “S-6-A Streamer”, “S-6-B Streamer”, “S-6-C Streamer”, “Peyk Modelçiliyi” (CubeSat), “Startap” (Aerospace), FPV dron, təyyarə modelçiliyi, eləcə də ilk dəfə olaraq “Naqilsiz rabitə” və “Səmt müəyyən etmə” texniki idman növləri daxil edilib.
Bununla yanaşı, intellektual müsabiqələr, helikopter və təyyarə modellərinin aviaşou xarakterli nümayişləri təşkil olunub. Gənclər aerodinamika, aerokosmik mühəndislik, elektronika və mexanika sahələrində əldə etdikləri bilikləri praktik mühitdə tətbiq etmək imkanı qazanıblar. Festivalın tərəfdaşları sırasında Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Hava Nəqliyyatı Baş Gömrük İdarəsi, Hərbi Hava Qüvvələri, “Azərbaycan Hava Yolları” (AZAL), “AZAD Systems”, “ASAN Viza”, “ASAN TV”, “ASELSAN Bakı”, “Hədəf” Liseyi, “IT Innovations Academy”, “AzST MMC” və “ORBITE” MMC yer alıb.
Festivalda iştirak edən ilk türk astronavtı Alper Gezeravcı müsahibəsində bildirib ki, işğaldan azad olunmuş Füzulidə Aerokosmik Modelçilik Festivalında iştirak etməkdən böyük məmnunluq duyur. O, bu torpaqların azadlığı uğrunda canlarını fəda edən şəhidlərin xatirəsini dərin ehtiramla yad etdiyini, qazilərə isə möhkəm cansağlığı arzuladığını deyib. “Bu festivalda əməyi olan gənclər gələcəyin mühəndisləri, konstruktorları və texnologiya mütəxəssisləridir. Yarışlar zamanı səmaya qaldırılan raket və təyyarə modelləri sabah ölkənin texnoloji inkişafına imza atacaq gənclərin ilk addımlarını əks etdirir”, - deyən astronavt vurğulayıb ki, bu cür yarışlar gələcəyə inamla atılan addımların başlanğıcıdır.
“Gənclərin aerokosmik texnologiyalar sahəsində bilik və bacarıqlarını inkişaf etdirməsini görmək böyük qürur hissi yaradır. Festival iştirakçıları raket və təyyarə modelləri hazırlamaqla yalnız texniki bacarıqlar qazanmır, eyni zamanda, özlərinə inam formalaşdırır, komanda işi və problem həlletmə vərdişlərini inkişaf etdirirlər. Bu təcrübə onların gələcək karyerası üçün möhkəm təməl rolunu oynayacaq və daha böyük uğurlara aparan yolda mühüm mərhələ olacaq”, - deyə Alper Gezeravcı vurğulayıb.
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova müsahibəsində bildirib ki, Füzulidə ilk Aerokosmik Modelçilik Festivalı gəncləri bir araya gətirib və bugünkü tədbirin daha bir əhəmiyyətli cəhəti Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümünə təsadüf etməsidir.
“Festivalda 200-ə yaxın gənc iştirak edir və onlar müxtəlif istiqamətlər üzrə bacarıqlarını nümayiş etdirirlər. Festival innovasiya, sahibkarlıq və startap ekosistemini bir araya gətirən platformadır. Gənclər hazırladıqları kosmik modelləri nümayiş etdirir, həmçinin nümunəvi uçuşlar həyata keçirirlər. Bu istiqamətdə beynəlxalq səviyyədə çoxsaylı yarışlar keçirilir və əsas məqsəd gəncləri həmin yarışlara hazırlamaq, onların Azərbaycan bayrağını beynəlxalq arenalarda dalğalandırmalarına şərait yaratmaqdır. Yarışın əsas xüsusiyyəti onun festival formatında keçirilməsidir. Bu da müxtəlif dövlət qurumlarını, mütəxəssisləri və gəncləri eyni platformada bir araya gətirir. Gənclərin hazırladığı modellər tamamilə öz əməklərinin məhsuludur. Məsələn, onlar təyyarə modelini sıfırdan hazırlayaraq uçuş vəziyyətinə gətirirlər. Builki festivalda beynəlxalq ekspertlər də iştirak edirlər. Məqsəd Qarabağda innovativ layihələrin sayını artırmaq, gənclərin bu cür festivallara daha geniş şəkildə cəlb olunmasına şərait yaratmaqdır. Gələcəkdə isə Aerokosmik Modelçilik Festivalının bir neçə gün davam edən beynəlxalq tədbirə çevrilməsi nəzərdə tutulur”, - deyə Ülviyyə Axundova bildirib.
Festival iştirakçıları olan gənclər də təəssüratlarını bölüşüblər. Onlar qeyd ediblər ki, belə bir tədbirin Qarabağda keçirilməsi onlar üçün xüsusi əhəmiyyət daşıyır. Gənclər festivalın aerokosmik modelçilik sahəsində bilik və bacarıqlarını artırmaq, yeni təcrübə qazanmaq və özlərini sınamaq üçün mühüm imkan yaratdığını vurğulayıblar.
İştirakçılar hazırladıqları raket, təyyarə və digər aerokosmik modelləri nümayiş etdirməkdən məmnun olduqlarını bildiriblər. Onların sözlərinə görə, bu cür festivallar gələcəkdə daha böyük uğurlara imza atmaq üçün güclü motivasiya yaradır. Gənclər aerokosmik modelçilik sahəsində biliklərini daha da inkişaf etdirərək beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etməyi qarşılarına məqsəd qoyduqlarını bildiriblər.

