“Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub

“Tağıyev” kinoteatrlarda ən çox baxılan Azərbaycan filmi olub

Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev” bədii filmini ölkə kinoteatrlarında bu günədək 200 mindən çox kinosevər izləyib.

AZƏRTAC xəbər verir ki, bədii filmin bölümləri - “Tağıyev: Neft”, “Tağıyev: Çar”, “Tağıyev: Sona” və “Tağıyev: Məktəb” ölkənin aparıcı kinoteatrlarında bu müddət ərzindən geniş maraqla qarşılanan Azərbaycan filmi statusu əldə ediblər. Kinoteatrlar bununla bağlı rəsmi statistikanı açıqlayaraq “Tağıyev” bədii filmini “Ən çox izlənilən Azərbaycan filmi” elan ediblər.

Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət kəsb edən 4 hissəli filmin ilk bölümü “Tağıyev: Neft” məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd olunduğu 2024-cü ildə təqdim olunub. “Tağıyev: Məktəb”in təqdimatı da məhz Azərbaycanın maarif və təhsil sahəsində canlanma yaradan, xalqımızın həyatında böyük rol oynayan qızlar məktəbinin yaranmasının 125 illiyinin qeyd olunduğu tarixə - 2026-cı ilə təsadüf edib.

Ümumiyyətlə, filmin hər bölümü əlamətdar mədəniyyət hadisəsinə çevrilib və geniş izləyici kütləsi toplaya bilib. İctimai maraq olduğundan hazırda bu filmlərin kinoteatrlarda baxışı davam edir.

Filmlərin ölkə daxilində və xaricində geniş təqdimat mərasimləri olub. Həmçinin “Tağıyev: Neft” filmi 98-ci Kino Sənəti və Elmləri Akademiyasının (“Oscar”) mükafatlarına “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında ölkəmizdən rəsmi namizəd seçilib və bədii filmin ABŞ-nin kino sənayesinin mərkəzi – Hollivudun yerləşdiyi Los-Anceles şəhərində də təqdimatı keçirilib. 2026-cı ildə “Tağıyev: Neft” bədii filmi Böyük Britaniyanın paytaxtı Londonda, məşhur kino mərkəzi BAFTA-nın Princess Anne Theatre zalında xarici auditoriyaya təqdim edilib. “Dədə Qorqud” film festivalında “Tağıyev: Neft” filminə görə ən yaxşı kişi rolu nominasiyasında baş rol ifaçısı, xalq artisti Pərviz Məmmədrzayev əsas mükafatı qazanıb.

Bununla yanaşı, bədii filmin ilk bölümü dünyada məşhur “Dehancer Colourist Awards 2024” festivalına qatılaraq keyfiyyətli rəng korreksiyalı tammetrajlı film nominasiyasında qalib gəlib.

Ekran əsərində XIX əsrin sonu XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur. Tağıyevin həyat yolu mübarizələrlə keçir. Hər yeni dövr onun üçün yeni bir məqsəd, yeni bir məsuliyyət olur. O çətinliklərlə üzləşir, amma geriyə addım atmır, zərbələr alır, amma daha güclü olur.

Filmin çəkilişləri miqyasına görə də Azərbaycan kinematoqrafiya tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri baş tutan filmdəki kütləvi səhnələrdə 2500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Filmin tarixi səhnələri üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı tarixi dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, quruluşçu operatoru Vladimir Artemyev, quruluşçu rəssamı Səbuhi Atababayev, geyim üzrə rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədli və montaj rejissoru Əsgər Rəhimovdur.

Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “Tağıyev” filmini ərsəyə gətirməklə Bakı Media Mərkəzi Azərbaycanın kino sənayesinə öz növbəti dəyərli töhfəsini vermiş olub.

Qeyd edək ki, Azərbaycan Milli Kino Günü münasibətilə CinemaPlus kinoteatrlarında Tağıyev Film Həftəsi keçirilir. Avqustun 9-dək keçirilən bu marafonda Azərbaycanın böyük xeyriyyəçisi və maarifpərvəri Hacı Zeynalabdin Tağıyevin həyatına, mübarizəsinə və zəngin irsinə həsr olunmuş 4 filmi yenidən böyük ekranda izləmək imkanı əldə etmək mümkündür.

2026-08-04