Diplomatik korpusun nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində olublar

Diplomatik korpusun nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində olublar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzində olublar.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Mərkəzində Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov şəhərdə aparılan genişmiqyaslı yenidənqurma və tikinti işləri barədə məlumat verib. Qeyd edib ki, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar.

“Bu gün Xankəndidə 28 min insan yaşayır, işləyir və təhsil alır”, – deyə xüsusi nümayəndə qeyd edib.

E.Yusubov diplomatik korpusun nümayəndələrinin şəhərdə aparılan işlər və əldə olunan yeniliklərlə yerində tanış olacaqlarını bildirib.

Prezidentin xüsusi nümayəndəsi əlavə edib ki, Xankəndinin yeni Baş Planına uyğun olaraq yararsız tikililərin sökülməsi prosesi intensivləşib. Sökülən tikililərin yerində müasir tələblərə cavab verən yaşayış binalarının və yaşayış məhəllələrinin inşası ilə bağlı layihələndirmə işlərinə başlanılıb. Yaxın vaxtlarda şəhərdə müasir tikililərin inşasının şahidi olmaq mümkün olacaq.

Prezidentin xüsusi nümayəndəsi, həmçinin Xankəndidə dəmir yolu və avtovağzal kompleksinin tikintisinin regionun mühüm infrastruktur layihələrindən biri olduğunu vurğulayıb.

Artıq 40 mindən çox keçmiş azərbaycanlı məcburi köçkün Qarabağa qayıdıb və daha çoxu da qayıdacaq. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Mədəniyyət Mərkəzindəki çıxışı zamanı bu barədə danışıb. Bildirib ki, 2020-ci ildən etibarən 45-dən çox yaşayış məntəqəsi yenidən qurularaq keçmiş məcburi köçkünlərin istifadəsinə verilib.

H.Hacıyev vurğulayıb ki, hazırda Qarabağda təxminən 100 min mülki şəxs yaşayır, işləyir və təhsil alır.

“Bu da Azərbaycanın münaqişədən sonrakı bərpa və yenidənqurma sahəsində topladığı unikal bir təcrübədir. Hesab edirik ki, Azərbaycanın təcrübəsi münaqişələrdən və müharibələrdən əziyyət çəkən dünyanın digər hissələrində də tətbiq üçün faydalı ola bilər”, - deyə Prezidentin köməkçisi əlavə edib.

H.Hacıyev mina probleminə də toxunub: “Əlbəttə ki, bu, bizim bərpa və yenidənqurma səylərimizə mane olur, lakin bizim ən qısa zamanda bərpa və yenidənqurma işlərini təmin etmək, keçmiş məcburi köçkünlərimizin ləyaqətli və təhlükəsiz qayıdışını təmin etmək əzmimizi və qətiyyətimizi sarsıda bilməz”.

H.Hacıyev çıxışında 25 il əvvəl bu gün, sentyabrın 11-də Nyu-York şəhərində Amerika Birləşmiş Ştatlarına qarşı dəhşətli və amansız bir terror aktının törədildiyini xatırladıb. Azərbaycanın da, xüsusilə 90-cı illərin əvvəllərində terrordan əziyyət çəkmiş bir ölkə olduğunu qeyd edib.

Prezidentin köməkçisi işğal illəri ərzində Azərbaycanın mədəni irsinin dağıntılara məruz qaldığını xatırladıaraq bu irsin bərpası və qorunması üçün əlavə səylər göstərildiyini də qeyd edib.

Ermənistanla sülh prosesi barədə də danışan Hikmət Hacıyev bildirib ki, biz sülh şəraitində yaşamağı öyrənirik və bu istiqamətdə irəliləyirik. “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan üçün münaqişə bitib. Anladıq ki, sülh reallıqları altında yaşamaq çox böyük hissdir. Azərbaycan regionumuzda davamlı sülhün bərqərar olması və daha da möhkəmləndirilməsi üçün əlavə səylər göstərməyə davam edəcək”, - deyə Prezidentin köməkçisi əlavə edib.

Azərbaycan və Ermənistan liderlərinin Bişkek görüşünə də diqqət çəkən H.Hacıyev Azərbaycan və Ermənistan liderləri arasında baş tutan görüşün çox konstruktiv mühitdə keçdiyini qeyd edib.

Sonda diplomatik korpusun nümayəndələrinə Mədəniyyət Mərkəzi barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzinin binası XX əsrin 60-70-ci illərində tikilib. Uzunmüddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyalarında aşınmalar, deformasiyalar və müxtəlif zədələnmələr yaranmışdı.

Aparılmış əsaslı yenidənqurma işləri nəticəsində Mədəniyyət Mərkəzində müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti, yaradıcılıq, təlim, məşğələ, inzibati idarəetmə, turizmyönümlü xidmətlərin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb.

2026-09-11