Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin gücü və davamlı inkişafı yalnız iqtisadi və hərbi potensialla deyil, həm də möhkəm hüquqi əsaslara və etibarlı suverenlik institutuna söykənir. Konstitusiya dövlət hakimiyyətinin təşkilini, vətəndaşların hüquq və azadlıqlarının təminatını müəyyən edən ali sənəd olmaqla yanaşı, milli dövlətçiliyin hüquqi dayağıdır. Suverenlik isə dövlətin müstəqil iradəsini ifadə edən, onun ərazi bütövlüyünü, daxili və xarici siyasətini sərbəst müəyyənləşdirmək hüququnu özündə əks etdirən fundamental hüquqi prinsipdir. Bu iki anlayış bir-birini tamamlayaraq dövlətin hüquqi və siyasi dayanıqlılığını formalaşdırır. Azərbaycan Respublikasında son illər qəbul olunan siyasi və hüquqi qərarlar dövlətçilik sisteminin əsasını təşkil edən Konstitusiya və suverenlik prinsiplərinin qarşılıqlı vəhdəti əsasında formalaşır. Bu baxımdan, Prezident İlham Əliyevin Sərəncamı ilə sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis olunması müstəqil Azərbaycan dövlətinin keçdiyi tarixi yolun, hüquqi dövlət quruculuğunun və milli dövlətçilik ənənələrinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Bu qərar təkcə hüquqi-siyasi məzmun kəsb etmir, eyni zamanda, xalqın tarixi yaddaşını gücləndirən, milli həmrəyliyi möhkəmləndirən və gələcək nəsillərə dövlət müstəqilliyinin dəyərini aşılayan mühüm ideoloji mesajdır.

AZƏRTAC Dövlət Suverenliyi Gününün tarixi, hüquqi və siyasi əhəmiyyətinə nəzər salır.

Suverenliyin bərpasının əsas mərhələləri

Suverenlik dövlətin öz ərazisində ali hakimiyyəti həyata keçirmək, daxili və xarici siyasətini müstəqil müəyyənləşdirmək, beynəlxalq münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmək hüququdur. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan bu prinsipin hüquqi və faktiki təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi.

Bu prosesin hüquqi əsası 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə qoyuldu. Sənəd Azərbaycanın müstəqil dövlət kimi hüquqi statusunu təsbit etdi. Lakin Ermənistanın hərbi təcavüzü nəticəsində ölkə ərazisinin bir hissəsi işğal altında qaldı. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etsə də, onlar uzun illər yerinə yetirilmədi.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsini bərpa etməsi və BMT qətnamələrinin icrasını təmin etməsi ilə nəticələndi. Bununla belə, müharibədən sonra da Ermənistan öhdəliklərini tam yerinə yetirmədi.

Qarabağın erməni sakinləri üçün humanitar məqsədlərlə nəzərdə tutulan Laçın yolundan qanunsuz fəaliyyətlər üçün istifadə olunurdu. Bu marşrutla minalar daşınır, hərbi qüvvələrin rotasiyası həyata keçirilirdi. 2022-ci ildə Sarıbaba istiqamətində 2021-ci il Ermənistan istehsalı olan minaların aşkar edilməsi bunun sübutu idi.

Ermənistan, eyni zamanda, Azərbaycanın suverenliyinə qarşı çıxaraq Qarabağ ətrafında hərbsizləşdirilmiş zona yaradılması təşəbbüsü ilə çıxış edirdi. Ermənistan ordusunun qalıqlarının təxribatlarına, o cümlədən yeni hərbi mövqelər yaratmaq cəhdlərinə cavab olaraq Azərbaycan “Fərrux”, “Qisas” kimi əməliyyatlar keçirməyə məcbur oldu.

Vətən müharibəsindən sonra da Ermənistan qondarma rejimə siyasi və maliyyə dəstəyini davam etdirirdi.

2022-ci ilin oktyabrında Praqada Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, Ermənistan sonradan bunun əksinə addımlar atdı. Baş nazir Nikol Paşinyan qondarma rejimin müraciətlərini beynəlxalq platformalara çıxarır, xarici siyasətçilərin Qarabağa qanunsuz səfərlərinə şərait yaradırdı. 2023-cü il sentyabrın 2-də N.Paşinyanın Ermənistanın təcavüzü nəticəsində yaradılmış qondarma rejimin “müstəqillik bəyannaməsinin qəbulu günü” ilə bağlı təbrik müraciəti paylaşması və az sonra qondarma rejimin rəhbərliyinə “seçkilərin” keçirilməsi də bu siyasətin davamı idi.

Həmin ilin yayında Qarabağda guya humanitar böhran yaşandığı barədə beynəlxalq dezinformasiya kampaniyası aparıldı. Ermənistan “Qarabağ əhalisinin hüquq və azadlıqları” məsələsini danışıqlara daxil etməyə çalışaraq Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərini davam etdirdi.

2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda qanunsuz silahlı birləşmələr tərk-silah edildi, separatçı rejim ləğv olundu. Azərbaycanın dövlət suverenliyi bütün ərazisində tam təmin edildi. Bundan sonra sülh danışıqları yeni mərhələyə qədəm qoydu və 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh müqaviləsi paraflandı.

Bu proses göstərdi ki, Azərbaycan dövlət suverenliyini təkcə hüquqi sənədlərlə deyil, ardıcıl siyasi, diplomatik və zəruri hallarda hərbi addımlarla da tam təmin edib.

Dövlət Suverenliyi Gününün tarixi və siyasi əhəmiyyəti

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 19-da imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Bu tarix Azərbaycanın müasir salnaməsində mühüm mərhələni – 2023-cü il sentyabrın 20-də ölkənin bütün ərazisində dövlət suverenliyinin tam bərpa olunmasını əks etdirir.

Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın uzun illər ərzində apardığı mübarizənin nəticələrinin hüquqi və siyasi baxımdan qiymətləndirilməsi, milli dövlətçilik dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu günün mahiyyəti üç əsas istiqamətdə özünü göstərir. İlk növbədə, tarixi yaddaş baxımından Dövlət Suverenliyi Günü Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin, milli iradənin və dövlətçilik ənənələrinin rəmzidir.

Hüquqi baxımdan, bu tarix Azərbaycanın konstitusiya quruluşunun bütün ərazisində bərpa olunmasını, dövlət hakimiyyətinin vahidliyinin və suveren hüquqlarının tam təmin edilməsini ifadə edir.

Siyasi baxımdan isə Dövlət Suverenliyi Günü milli həmrəyliyin möhkəmləndirilməsinə, müstəqil dövlətçilik yolunun təbliğinə və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin nümayişinə xidmət edən mühüm tarixi hadisədir.

Beləliklə, sentyabrın 20-si yalnız təqvimdə yeni bir əlamətdar gün deyil, Azərbaycanın suverenliyinin tam bərpasını, dövlətçilik iradəsinin və milli birliyin təntənəsini əks etdirən mühüm siyasi simvoldur.

Konstitusiya və suverenlik – müstəqil dövlətçiliyin əsas dayaqları

Azərbaycanın suverenliyi yalnız milli sərhədlərinin toxunulmazlığı ilə məhdudlaşmır, eyni zamanda, beynəlxalq münasibətlər sistemində müstəqil qərarlar qəbul etmək, milli maraqları qorumaq və hüquqi mövqeyini qətiyyətlə müdafiə etmək imkanında özünü göstərir.

Azərbaycan Respublikasının müasir siyasi tarixində konstitusiya və suverenlik anlayışları dövlətçilik fəlsəfəsinin əsas sütunlarıdır. Konstitusiya hüquqi sabitliyin, dövlət idarəçiliyinin və vətəndaş hüquqlarının əsas təminatçısıdırsa, suverenlik bu hüquqi sistemin müstəqil və sərbəst şəkildə həyata keçirilməsinin siyasi əsasını təşkil edir.

2026-cı ildə Azərbaycan öz inkişaf yolunu məhz bu fundamental prinsiplər üzərində davam etdirir. Ölkənin qarşıdakı hədəfləri hüquqi dövlət quruculuğunun dərinləşdirilməsi, suverenliyin qorunması və beynəlxalq mövqelərinin daha da gücləndirilməsi ilə bağlıdır. Azərbaycanın dünyaya verdiyi əsas mesaj dəyişməzdir: dövlətin gələcəyi milli maraqlara, Konstitusiyanın aliliyinə və tam suverenlik prinsipinə əsaslanır.

2026-09-20