27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

Altı il əvvəl – 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı səhəri yeni bir tarixlə açdı. Həmin gün başlayan 44 günlük Vətən müharibəsi üç onillik ərzində davam edən işğala son qoyan, Azərbaycan Ordusunun rəşadətini və xalqımızın sarsılmaz iradəsini dünyaya nümayiş etdirən böyük Zəfərə aparan yolun başlanğıcı oldu. Həmin günlərdə hər qarış torpaq uğrunda gedən döyüşlərdə əsgərdən generaladək bütün hərbçilərimiz misilsiz qəhrəmanlıq göstərərək canları və qanları bahasına tarix yazdılar.

Həmin tarix yalnız hərbi Qələbənin deyil, həm də Vətən uğrunda canından keçən minlərlə döyüşçünün qəhrəmanlığının tarixidir.

Hər günü ayrı bir qəhrəmanlıq səhifəsinə çevrilən 44 günlük müharibə Azərbaycan Ordusunun gücünü, Silahlı Qüvvələrimizin peşəkarlığını, xalqımızın dövlətin və ordunun ətrafında sıx birləşdiyini nümayiş etdirdi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-si – Vətən müharibəsinin başladığı gün Azərbaycanda Anım Günü elan edildi. Bu qərar torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsinə dövlət səviyyəsində göstərilən dərin ehtiramın ifadəsidir.

Altı il sonra həmin günlərə nəzər salarkən Azərbaycanın Zəfərə gedən yolunun necə böyük qəhrəmanlıq salnaməsinə çevrildiyi bir daha aydın görünür.

Təxribatlara cavab və sürətli irəliləyiş

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Müharibənin ilk günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət edərək Azərbaycanın haqq yolunda olduğunu bəyan etdi:

“Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Bu ifadələr həmin gündən etibarən xalqımızın Qələbəyə inamını ifadə edən əsas şüarlardan birinə çevrildi.

Əks-hücumun ilk saatlarından cəbhədən gələn xəbərlər Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaratdı. Ordumuz düşmənin uzun illər ərzində qurduğu möhkəmləndirilmiş müdafiə xəttini yararaq Füzuli rayonunun Qaraxanbəyli, Yuxarı Əbdürrəhmanlı, Horadiz və Qərvənd, Cəbrayıl rayonunun Nüzgar və Böyük Mərcanlı kəndlərini, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etdi.

Oktyabrın 3-də şimal cəbhəsində strateji əhəmiyyət daşıyan Suqovuşan kəndi işğaldan azad olundu. Ertəsi gün Cəbrayıl şəhəri, oktyabrın 9-da isə Hadrut qəsəbəsi düşməndən təmizləndi.

Oktyabrın 17-də Füzuli şəhərində Azərbaycan Bayrağı ucaldıldı. Bir gün sonra Dövlət Bayrağımız Xudafərin körpüsü üzərində dalğalandı. Oktyabrın 20-də isə Zəngilan şəhəri azad edildi.

Oktyabrın 25-26-da Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının 17 kəndi, eləcə də Qubadlı şəhəri Azərbaycan Ordusunun nəzarətinə keçdi. Oktyabrın 28-dən noyabrın 7-dək daha 53 kənd və bir neçə strateji yüksəklik azad edildi.

Bu sürətli irəliləyişin qarşısında Azərbaycan Ordusunun əsas hədəfi artıq Qarabağın incisi – Şuşa idi.

Şuşa: Zəfərin zirvəsi

Şuşa əməliyyatı Azərbaycan hərb tarixinin ən parlaq səhifələrindən biri kimi yadda qaldı. Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüləri çətin dağ və meşə cığırlarından keçərək, sıldırım qayalara dırmaşaraq şəhərə bir neçə istiqamətdən daxil oldular. Qəhrəman hərbçilərimizin göstərdiyi misilsiz rəşadət nəticəsində Şuşa azad edildi.

Noyabrın 8-də səhər saatlarında Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciət edərək bu tarixi xəbəri Azərbaycan xalqına çatdırdı:

“İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq”.

Şuşanın azad olunması Ermənistan silahlı qüvvələrinin müqavimət imkanlarını ciddi şəkildə sarsıtdı. Noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi düşməndən təmizlədi.

Artıq müharibənin taleyi həll olunmuşdu. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanat imzalandı və hərbi əməliyyatlar dayandırıldı.

Bəyanata əsasən, Ermənistan noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi.

Beləliklə, sentyabrın 27-də başlayan əks-hücum əməliyyatı noyabrın 9-dək 5 şəhərin, 4 qəsəbənin və 286 kəndin işğaldan azad edilməsi ilə nəticələndi.

Qələbənin arxasında dayanan birlik

44 günlük müharibənin nəticəsini müəyyən edən əsas amillərdən biri Azərbaycan xalqının dövləti və ordusu ətrafında sıx birləşməsi idi. Həmin vaxt ön və arxa cəbhə bir bütövə çevrildi. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün fəallıq göstərdilər. Ölkəmizin vətəndaşları etnik və dini mənsubiyyətindən asılı olmayaraq, Vətən müharibəsi günlərində misli görünməmiş həmrəylik nümayiş etdirdilər.

Bu birlik xalq, dövlət və ordu həmrəyliyinin rəmzinə çevrilən “Dəmir yumruq” ifadəsində öz əksini tapdı.

Zəfərin digər mühüm istiqaməti informasiya və diplomatik cəbhə idi. Prezident İlham Əliyev müharibə dövründə dünyanın aparıcı media qurumlarına 30-dan çox müsahibə verərək, Azərbaycanın mövqeyini və münaqişənin əsl həqiqətlərini beynəlxalq auditoriyaya çatdırdı.

Azərbaycan mediası, o cümlədən AZƏRTAC da müharibənin gedişini operativ və peşəkar şəkildə işıqlandırdı, cəbhədən gələn xəbərləri Azərbaycan xalqına və dünya ictimaiyyətinə çatdırdı.

Vətən müharibəsində Azərbaycanın 2 min 900-dən çox əsgər və zabiti şəhid oldu.

Zəfərin yaddaş məkanları

Vətən müharibəsində qazanılan Zəfərin tarixdə yaşadılması və gələcək nəsillərə çatdırılması məqsədilə Bakıda, eləcə də işğaldan azad edilmiş ərazilərdə bir sıra park, muzey və memorial komplekslər yaradılıb və bu istiqamətdə işlər davam etdirilir.

2024-cü il noyabrın 8-də Bakıda Zəfər parkı, 2025-ci il noyabrın 8-də isə Zəfər Muzeyi açılıb.

Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılıb. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirir. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınıb.

Zəfər Muzey Zəfər Parkının tərkibindədir. Muzeyin ekspozisiyasında Qarabağın və Şərqi Zəngəzurun tarixi, Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi, Şuşa əməliyyatı, şəhid və qəhrəmanlarımızın döyüş yolu, 20 sentyabr 2023-cü ildə dövlət suverenliyinin bərpası və azad edilmiş ərazilərin dirçəlişi əks olunur.

Xankəndidə isə 2025-ci ilin dekabrında Zəfər Parkı istifadəyə verilib. Zəfər parkının ümumi sahəsi 9 hektardır. Parkın girişindən Zəfər tağına doğru 44 pilləkən salınıb. Onların mərkəzi hissəsində quraşdırılmış lövhələrin üzərində müharibənin gedişi barədə məlumatlar, o cümlədən azad olunmuş yaşayış məntəqələrinin adları yazılıb. Eyni zamanda, 2023-cü ildə keçirilmiş antiterror əməliyyatının nəticələrini əks etdirən məlumatlar da lövhələrdə qeyd olunub.

Zəfər tağının hündürlüyü Vətən müharibəsi günlərinin sayına görə rəmzi olaraq 44 metr təşkil edir. Bina 10 mərtəbədən və terrasdan ibarətdir. Terrasda Zəfər Günü ilə bağlı 8 rəqəmini simvolizə edən konstruksiya inşa olunub. Doqquzuncu mərtəbədə “Zəfər qalereyası” sərgi-nümayiş zalı yaradılıb.

Şəhərdə Zəfər Muzeyinin yaradılması istiqamətində də işlər görülür.

İşğaldan azad edilmiş digər şəhərlərdə də Zəfər tarixini yaşadan məkanların yaradılması nəzərdə tutulub. Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Şuşada Zəfər və İşğal muzeyləri, memorial komplekslər və abidələrin yaradılması ilə bağlı layihələr hazırlanıb. Bu məkanlarda həm işğalın nəticələri, həm qəhrəmanlıq salnaməmiz, həm də azadlıqdan sonra Qarabağ və Şərqi Zəngəzurda başlayan böyük quruculuq prosesi nümayiş etdirilir.

Beləliklə, azad edilmiş ərazilərdə yaradılan bu yaddaş məkanları Zəfərin yalnız keçmişin deyil, gələcək nəsillərə ötürülən canlı tarix olduğunu göstərir.

Zəfərdən sonra başlayan Böyük Qayıdış

Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın qarşısında yeni mərhələ açdı. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Qarabağda və Şərqi Zəngəzurda mühüm infrastruktur layihələrinin təməli qoyuldu.

Zəfərdən sonrakı dövrdə daha bir mühüm tarixi hadisə baş verdi. 2022-ci ildə Anım Günü ərəfəsində Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezident İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı.

Bu hadisə 44 günlük müharibədə əldə olunan Qələbənin davamı olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində atılan mühüm addımlardan biri oldu.

Qələbənin davamı – Antiterror tədbirləri

Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun gücləndirilməsi və peşəkar komando bölmələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Qarabağda separatçı rejimin mövcudluğuna və qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətinə son qoyulması isə qarşıda duran əsas məsələlərdən biri idi.

2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir sutkadan az müddətdə Azərbaycan Ordusunun keçirdiyi tədbirlər nəticəsində qarşı tərəf silahı yerə qoydu və Azərbaycan rəhbərliyinin şərtlərini qəbul etdi.

Beləliklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələri tərk-silah edilərək ərazilərimizdən çıxarıldı, bütün ölkə ərazisində Konstitusiya quruluşu bərpa olundu, Azərbaycan ərazisində separatizmin kökü kəsildi.

Azərbaycanın Zəfər salnaməsi yeni tarixlərlə zənginləşib

İndi ölkəmizdə hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü ilə yanaşı, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhərləri Günü kimi qeyd edilir. Bundan başqa, 26 Avqust – Laçın Şəhəri Günü, 4 Oktyabr – Cəbrayıl Şəhəri Günü, 17 Oktyabr – Füzuli Şəhəri Günü, 20 Oktyabr – Zəngilan Şəhəri Günü, 25 Oktyabr – Qubadlı Şəhəri Günü, 8 Noyabr – Şuşa Şəhəri Günü, 20 Noyabr – Ağdam Şəhəri Günü, 25 Noyabr – Kəlbəcər Şəhəri Günüdür.

27 Sentyabr – Anım Günü isə həmin günlərə yol açan ilk səhifə kimi xatırlanır. Altı il əvvəl başlanan 44 günlük müharibə Azərbaycanın tarixində yeni bir dövr açdı. Bu yolun hər addımı şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin cəsarəti, xalqımızın birliyi ilə yazıldı.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda dalğalanan Azərbaycan Bayrağı, yenidən qurulan şəhərlər, doğma yurda qayıdan insanlar həmin Zəfərin canlı mənzərəsidir.

Şəhidlərin xatirəsi daim yaşayacaq

Torpaqlarımızın işğaldan azad olunması ilə qazanılan Qələbənin hər bir səhifəsində şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı var. Onların həyatlarını Vətən naminə fəda etməsi Azərbaycan tarixinin ən müqəddəs səhifələrindən birinə çevrilib. Şəhid və qazilərimizin qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan xalqı onların xatirəsini hər zaman ehtiramla yad edir.

Vətən müharibəsinin iştirakçılarının qəhrəmanlığı da dövlət tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Vətən müharibəsinin iştirakçıları müxtəlif orden və medallarla təltif olunublar.

Vətən uğrunda canından keçən Azərbaycan övladlarının adı və xatirəsi daim yaşadacaq, onlar hər zaman gələcək nəsillər üçün örnək olacaqlar.

Allah şəhidlərimizə rəhmət eləsin!

2026-09-27