Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, ultramarafon iştirakçıları sonuncu mərhələdə Ağdamdan Xankəndiyədək 29,2 kilometr məsafə qət ediblər.

Mərhələnin qalibi gürcüstanlı David Xarazişvili olub. Qadınların mübarizəsində isə Ukrayna təmsilçisi Olena Şevçenko finişə birinci çatıb.

Yarışda 6 ölkədən 97 atlet iştirak edib. Ultramarafon dörd mərhələdən ibarət olub: Qəbələ–Ağdaş (52,5 kilometr), Ağdaş–Bərdə (63,5 kilometr), Bərdə–Ağdam (46,8 kilometr) və Ağdam–Xankəndi (29,2 kilometr). Bununla da atletlər dörd gün ərzində ümumilikdə 192 kilometr məsafə qət ediblər.

Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. 380 kilometrlik məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ–Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 atlet qatılıb.

2026-10-11