Səfir: Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi tarixi maksimuma çatıb

Səfir: Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi tarixi maksimuma çatıb

Cari ilin yanvar-sentyabr aylarında Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi 3,46 milyard ABŞ dollarına çataraq müvafiq dövr üzrə növbəti dəfə tarixi maksimuma yüksəlib. Çin Azərbaycanın ən böyük idxal mənbəyi statusunu qoruyub saxlayır.

AZƏRTAC xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey noyabrın 6-da Bakıda keçirilən brifinqdə deyib.

Diplomatın sözlərinə görə, qarşılıqlı siyasi etimadın möhkəmlənməsi iki ölkə arasında praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm zəmin yaradır.

O qeyd edib ki, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq daha da dərinləşir və konkret məzmunla zənginləşir. Əməkdaşlığın bir sıra əsas layihələri üzrə müsbət nəticələr əldə olunub.

“Çin şirkəti tərəfindən inşa edilən Cənubi Qafqazın ən böyük külək elektrik stansiyasının tikintisi uğurla başa çatdırılıb. Azərbaycanda Çin şirkəti tərəfindən tikilmiş 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyası vahid enerji sisteminə uğurla qoşulub”, – deyə Lu Mey bildirib.

Səfir nəqliyyat və logistika sahəsində əməkdaşlığın strateji əhəmiyyətini də vurğulayıb. Onun sözlərinə görə, Çin-Avropa yük qatarlarının Trans-Xəzər marşrutu Orta Dəhlizi əsas yük axınları ilə təmin edir və qlobal istehsal və logistika zəncirlərinin sabitliyinin qorunmasında mühüm rol oynayır. O əlavə edib ki, cari ildə Azərbaycan ərazisindən keçən Trans-Xəzər marşrutu üzrə hərəkət edən Çin-Avropa konteyner qatarlarının sayı da yeni rekord həddə çatacaq.

Lu Mey qeyd edib ki, qarşılıqlı vizasız rejim humanitar əlaqələrin genişləndirilməsi üçün əlverişli şərait yaradır və iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin artmasına kömək edir.

“Azərbaycanda Çin dilinin öyrənilməsinə maraq artmaqda davam edir. Statistikaya əsasən, Çin dilini öyrənənlərin qeydiyyata alınmış sayı artıq 10 mini ötüb”, – deyə diplomat bildirib.

Onun sözlərinə görə, cari ildə Çində təhsil alan azərbaycanlı tələbələrin sayı da təxminən 2 min nəfər olacaq.

2026-11-06