Azərbaycan səfiri Koreyada ilin ən yaxşı səfiri seçilib

Azərbaycan səfiri Koreyada ilin ən yaxşı səfiri seçilib

Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov bu ölkədə “İlin ən yaxşı səfiri” mükafatına layiq görülüb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Seul şəhərindəki Koreya Mədəniyyəti Səfirlərinin Dostluğu Assosiasiyası, Koreya İstehlakçılar Assosiasiyası, “NDN News” informasiya agentliyi və “Seoulcity” jurnalının təşkilatçılığı ilə “Korea first, World best Awards 2020” tədbiri keçirilib. Tədbirdə bir sıra nüfuzlu şirkət və təşkilat rəhbərlərinə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib. Azərbaycanın Seuldakı səfiri Rəmzi Teymurov bu ölkədəki fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında iqtisadi və mədəni əlaqələrin inkişafına verdiyi xüsusi töhfələrə görə “2020-ci ilin ən yaxşı səfiri” mükafatına layiq görülüb.

Tədbirdə səfir Rəmzi Teymurov Koreya Mədəniyyəti Səfirlərinin Dostluğu Assosiasiyasının sədri Kim Jonq-Von, “NDN News” informasiya agentliyi, “Seoulcity” jurnalının prezidenti Şin Hyun-Do və Koreyada akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri adından çıxışlar edib.

Çıxışlarda diplomat Koreya Respublikasının xarici ölkələrlə beynəlxalq əməkdaşlığın və mədəni əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəaliyyətinə, COVID-19 virusu ilə mübarizədə Cənubi Koreyanın müsbət təcrübəsi və bu təcrübənin digər ölkələrlə paylaşılması məqsədilə həyata keçirilən texniki və humanitar layihələrə diqqət çəkib.

2020-06-11