Ölkəmizdə COVID-19-un müəyyənləşdirilməsi məqsədilə 375 mindən çox test aparılıb

Ölkəmizdə COVID-19-un müəyyənləşdirilməsi məqsədilə 375 mindən çox test aparılıb

Ötən gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7505 test aparılıb. Keçən müddət ərzində aparılan testlərin ümumi sayı 375 min 759-a çatıb.

Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Xatırladaq ki, iyunun 13-də Azərbaycanda 352 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 196 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkəmizdə 9 min 5 yüz 70 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 5 min 3 yüz 9 nəfər müalicə olunaraq sağalıb, 115 nəfər vəfat edib, 4146 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Xəstələrdən 130 nəfəri reanimasiyadadır ki, onlardan da 23-ü süni tənəffüs cihazına qoşulub.

2020-06-14