Milli Məclisdə içməli su təchizatı ilə bağlı məsələlər müzakirə olunub

Milli Məclisdə içməli su təchizatı ilə bağlı məsələlər müzakirə olunub

İyulun 1-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində respublikada içməli və tullantı su təchizatı məsələlərinin müzakirəsinə həsr olunmuş görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşü Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov açıb. O bildirib ki, altıncı çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev parlamentin icra orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməli olduğunu vurğulayıb. Həmin tövsiyədən çıxış edərək Azərbaycanda su çatışmazlığının yarandığı hazırkı dövrdə bu görüş Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə təşkil olunub.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov respublikada su təminatı məsələləri, görülən işlər və mövcud vəziyyət barədə ətraflı məlumat verib. “Azərsu” ASC-nin sədri su ilə bağlı məsələlərin geniş müzakirəyə çıxarılmasına şərait yaratdığı üçün Milli Məclisin rəhbərliyinə, Sədr Sahibə Qafarovaya təşəkkürünü bildirib.

Sədr qeyd edib ki, hazırda su təminatı məsələsi dünyanı təhdid edən əsas problemlərdən biridir. Qlobal iqlim dəyişiklikləri və quraqlıq dünyada su ehtiyatlarına ciddi təsir göstərir. Son illərdə yağıntıların azalması, orta illik temperaturun yüksəlməsi su ehtiyatlarının azalmasına, quraqlığa səbəb olur və bütün bunlar ölkəmizdə də əhalinin içməli su təchizatına, eyni zamanda, aqrar sektorun suvarma suyu ilə təminatına təsir göstərir: “Su həyat deməkdir, təmiz su sağlam həyat deməkdir” fikrini irəli sürən dövlətimizin başçısı son illər Bakı şəhəri və Abşeron yarımadası, respublikanın regionları, kəndlərin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı çoxsaylı sərəncamlar imzalayıb. Regional inkişaf proqramlarında əhalinin içməli su təminatının yaxşılaşdırılması mühüm vəzifə kimi qarşıya qoyulub. Görülən işlər əhalinin həyat şəraitini xeyli yaxşılaşdırıb. Bu ilin aprelində imzalanmış “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncama əsasən Komissiya yaradılıb. Komissiya qısa zamanda çox böyük işlər görüb”.

Komissiyada təmsil olunan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin qarşısında duran vəzifələr barədə danışan Qorxmaz Hüseynov Azərbaycanın şirin su ehtiyatları, onlardan istifadə vəziyyəti, son illər əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Bakı şəhərində və regionlarda həyata keçirilən layihələrdən söz açıb.

O qeyd edib ki, 2010-2019-cu illərdə ölkəmizdə məhsuldarlığı saniyədə 19 kubmetrdən çox olan 44 məhsuldar su mənbəyi yaradılıb. Təkcə Abşeron yarımadasında həcmi 130 min kubmetrdən çox olan 16 su anbarı, 140 kilometr magistral su kəməri tikilib, 69 kilometr mövcud magistral kəmərlərin reabilitasiyası aparılıb, 2650 kilometr paylayıcı su şəbəkəsi, 4860 kilometr binadaxili xətlər çəkilib, 402 min ədəd su sayğacı quraşdırılıb.

2013-2019-cu illərdə 3350 binanın daxili su kommunikasiya xətləri yenilənib, zirzəmisi olan 6 min 53 binada tullantı su xətləri yenilənib, 3 min 55 binanın zirzəmisi təmir olunub. Suyun keyfiyyəti də ildən-ilə yaxşılaşdırılır və standartlara tam uyğunlaşdırılıb.

Eyni zamanda, regionlarda 52 şəhər və rayon mərkəzində işlərə başlanılıb ki, bunların 30-da içməli su və tullantı su şəbəkələrinin, 12-də içməli su şəbəkəsinin inşası yekunlaşıb. Hazırda 12 şəhərdə işlər davam etdirilir. Yalnız 2 şəhərdə - Bərdə və Balakəndə layihələrin icrasına başlanılmayıb. Ötən müddətdə 1000-dən çox kənd və qəsəbədə su layihələri icra olunub.

Məruzəsinin yekununda “Azərsu” ASC-nin sədri su çatışmazlığı və itkilərin səbəbləri barədə də danışıb. Bu sırada magistral kəmərlərin şəbəkə kimi istifadə edildiyini, sayğacdankənar istifadə hallarını, ictimai bulaqları, bağ və həyət evlərində yaşıllıqların suvarılması zamanı sudan israfçılıqla istifadə olunduğunu, tikinti normalarına cavab verməyən fərdi şəbəkələrin mövcudluğunu qeyd edib, qarşıda duran əsas hədəflərdən danışıb.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, deputatlar Asim Mollazadə, Nəsib Məhəməliyev, Sabir Rüstəmxanlı, Fatma Yıldırım, Məşhur Məmmədov, Rauf Əliyev, İltizam Yusifov, Naqif Həmzəyev fikirlərini bildiriblər. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deputatların suallarını cavablandırıb.

2020-07-01