Murmanskda “Dostluq bayramı” adlı milli mədəniyyətlər festivalı keçirilib

Murmanskda “Dostluq bayramı” adlı milli mədəniyyətlər festivalı keçirilib

Murmansk vilayət Mədəniyyət və Xalq yaradıcılığı sarayında “Dostluq bayramı” adlı milli mədəniyyətlər festivalı keçirilib.

Murmansk vilayətindəki ““Azərbaycan” milli-mədəni muxtariyyəti” ictimai təşkilatının (MVİT) və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Murmansk vilayəti üzrə nümayəndəliyinin mətbuat katibi Əlihüseyn Şükürovun AZƏRTAC-a verdiyi məlumata görə, 13-cü dəfə keçirilən builki festival “Mədəniyyət vasitəsilə birlik” devizi altında təşkil edilib.

“Dostluq bayramı” Murmansk vilayəti ərazisində yaşayan xalqların çoxjanrlı mədəniyyət bayramıdır.

Murmansk vilayət Mədəniyyət və Xalq yaradıcılığı sarayının mütəxəssisləri tərəfindən keçirilən “Dostluq bayramı” müxtəlif millətlərin nümayəndələri arasında mehriban münasibətlərin təsdiqidir.

Festival iki hissədən ibarət olub. Birinci hissədə milli məişət əşyalarının və dekorativ-tətbiqi sənət nümunələrinin sərgisi, ikinci hissədə isə Murmansk vilayətində yaşayan xalqların bənzərsiz milli koloritini əks etdirən yaradıcı çıxışlar təqdim olunub. Ənənəyə görə, bu dəfə də festival xalq yaradıcılığı sərgisindən başlanıb. Sərgi iştirakçıları təmsil etdikləri xalqın milli geyimlərini nümayiş etdirib, bu və ya digər xalqın məişəti, adət və ənənələri barədə söhbət açıb, milli musiqi alətlərində ifa nümunələri göstərib, şeirlər söyləyiblər.

“Dostluq bayramı” milli mədəniyyətlər festivalında “Azərbaycan” Mədəniyyət Mərkəzi ictimai təşkilatının sədri Afil Hüseynov, onun müavini Hüseynalı Hüseynov, RAGB fəalı Elvira Hüseynova, MVİT Ağsaqqallar Şurasının sədr müavini Tariyel Əliyev iştirak ediblər. Azərbaycan diasporunun xalq mahnı və rəqs ansamblının çıxışı böyük maraqla qarşılanıb. Murmansk vilayət Mədəniyyət və Xalq yaradıcılığı sarayının tamaşa zalında təşkil edilmiş konsertdə həmvətənlərimiz və bayramın digər iştirakçıları öz xalqlarının mədəniyyətini əks etdirən nömrələr təqdim ediblər.

2019-01-28