Soltan Məmmədov: Ermənistan hakimiyyətini avantürist addımlar atmağa sövq edən ölkədəki böhranlı vəziyyətdir

Soltan Məmmədov: Ermənistan hakimiyyətini avantürist addımlar atmağa sövq edən ölkədəki böhranlı vəziyyətdir

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki növbəti təxribatı bu ölkənin daxilində mövcud olan problemlərdən ictimai diqqəti yayındırmaq məqsədi güdür.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat qeyd edib ki, Ermənistanda uzun müddətdir davam edən sosial-iqtisadi problemlər, koronavirus pandemiyası ilə qarşı mübarizədə hökumətin son dərəcə qeyri-peşəkar addımlarının yaratdığı böhranlı vəziyyət hakimiyyəti avantürist addımlar atmağa sövq edir: “Eyni zamanda, bir mühüm məqamı da vurğulamaq lazımdır ki, Ermənistan xarici siyasətdə də ard-arda uğursuzluqlara düçar olur. Bütün bunlar isə Paşinyan və komandasının ölkədə nüfuzunun sürətlə azalmasına gətirib çıxarır. Təəssüf ki, Ermənistanda hakimiyyət dəyişsə də işğalçı dövlətin mahiyyəti dəyişməyib. Həmişə olduğu kimi, mürəkkəb vəziyyətlərdə hərbi avantüralara əl atırlar”.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan Ordusu həmişə olduğu kimi, bu dəfə də düşmənə layiqli cavab verib. Ermənistanın hərbi-siyasi rəhbərliyi silahlı qüvvələrinin məruz qaldığı itkilərin miqyasını nə qədər gizlətməyə çalışsa da, Azərbaycan ordusu kifayət qədər qətiyyətli cavab tədbirləri görüb və görür: “Azərbaycan ordusu bu gün dünyanın 50 ən güclü ordusu siyahısında yer alır. Ermənistan silahlı qüvvələri nə hərbi-texniki imkanlarına, nə də peşəkarlıq səviyyəsinə görə bizim ordumuzla müqayisə oluna bilməz. Ona görə də Ermənistan mövcud reallıqları düzgün qiymətləndirməlidir - həm iqtisadi, həm siyasi, həm də hərbi reallıqları. Buraya əlbəttə ki, geosiyasi şərtləri, eyni zamanda, beynəlxalq hüququn norma və prinsiplərinin tamamilə Azərbaycanın tərəfində olması faktını da əlavə etmək lazımdır. Üstəlik, Azərbaycandakı vətənpərvərlik əhval-ruhiyyəsi, bütün xalqımızın Ali Baş Komandan, cənab Prezidentin ətrafında sıx birləşməsi də bizim əsas üstünlüklərimizdəndir. Çünki milli birlik, həmrəylik və güclü, nüfuzlu lider ekstremal situasiyalarda ən həlledici amillərdəndir. Ermənistanda isə belə bir birliyin olduğunu söyləmək mümkün deyil”.

Soltan Məmmədov beynəlxalq birlik, o cümlədən münaqişənin nizamlanması prosesində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupu tərəfindən Ermənistanın növbəti hərbi təxribatına adekvat qiymət veriləcəyinə ümid etdiyini vurğulayıb. Bildirib ki, dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığı bu çətin günlərdə Ermənistanın növbəti hərbi təxribata əl atmasını beynəlxalq ictimaiyyət qınamalı və bu ölkəyə qarşı ən sərt sanksiyalar tətbiq edilməlidir.

2020-07-13