Moldovadakı soydaşlarımız Azərbaycan Ordusuna və Prezidentinə dəstək nümayiş etdiriblər

Moldovadakı soydaşlarımız Azərbaycan Ordusuna və Prezidentinə dəstək nümayiş etdiriblər

Moldovada yaşayan azərbaycanlılar ölkəmizin Kişineudakı səfirliyinə gələrək, Azərbaycan Ordusuna və Prezidentinə dəstəklərini ifadə ediblər.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.

Azərbaycanlılar səfirliyə gələrək, Azərbaycan Ordusunun və Prezidentinin yanında olduqlarını bildiriblər. Soydaşlarımız Ermənistanın Tovuz rayonu istiqamətində törətdikləri təxribatlardan hiddətləndiklərini, Ordumuza və Prezidentimizə dəstək məqsədilə könüllü şəkildə Azərbaycan Silahlı Qüvvələri tərkibində erməni işğalçılarına qarşı döyüşməyə hazır olduqlarını bəyan ediblər. Onlar rəsmi qaydada könüllü olaraq orduya getmək üçün müraciətlər ediblər, səfirliyin bunu rəsmiləşdirməsini istəyiblər, lazım olan anda Vətənə yola düşməyə hazır olduqlarını bildiriblər. Səfirlik həmin şəxslərin müraciətlərini qəbul edib və müvafiq dövlət qurumlarına təqdim edəcək.

Məlumatda deyilir ki, Moldovada yaşayan soydaşlarımız ermənilərin vəhşi hərəkətlərini, atəşkəs rejimini pozaraq, Azərbaycan Ordusunun hərbçilərinin mövqelərinə hücum etmələri və dinc əhaliyə atəş açmaları ilə bağlı məlumatları dünyaya çatdırmaq üçün əllərindən gələni edirlər.

2020-07-17