Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatları ilə əlaqədar Vaşinqtonda etiraz aksiyası keçirilib

Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatları ilə əlaqədar Vaşinqtonda etiraz aksiyası keçirilib

İyulun 17-də ABŞ-ın Azərbaycan icmasının üzvləri Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində təxribat törətməsi və Ermənistanın 30 ildən çox Azərbaycana qarşı davam edən təcavüzü ilə bağlı etiraz aksiyası keçirib.

AZƏRTAC xəbər verir ki, aksiyada Azərbaycan icmasının Vaşinqtonda, Pittsburqda və ABŞ-ın digər şəhərlərində yaşayan üzvləri iştirak ediblər. Aksiyaya türk icmasının üzvləri də qatılıb.

Nümayişçilərin əllərindəki plakatlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü və rəsmi Yerevanın qeyri-müstəqil və vassal olduğu haqqında faktlar əks olunub. Bannerlərdə dünya birliyinə müraciətlə ermənilərin törətdiyi Xocalı soyqırımını dövlət səviyyəsində tanımaq şüarları, həmçinin erməni rəhbərliyinin hərbi cinayətkar olması haqqında məlumatlar yer alıb.

Azərbaycan icma üzvləri Ermənistanın Vaşinqtondakı diplomatik missiyasının rəhbərlərinə müraciət edərək, erməni təcavüzkarlarının Azərbaycanın torpaqlarından rədd olunmasını tələb ediblər.

Aksiya zamanı "Ermənistan qeyri-müstəqil nökər dövlət", "Erməni terrorunu pisləyin!", "Xocalı qırğını bir daha təkrarlanmamalıdır!", "Ermənistan etnik təmizləmədə təqsirkardır!", "Ermənistana ar olsun!", "Ermənistan, Qarabağdan rədd ol!", "Uşaq qatilləri!", "Ermənistan vassal dövlətdir!", "Amerikalı vergiödəyicilərindən pul diləndiyiniz yetər!", "Biz Xocalını unutmayacağıq!", "Azərbaycan torpaqlarından əl çəkin!", "Ermənistan, beynəlxalq hüquqa riayət et!", “Paşinyana ar olsun!”, "Köçaryan, Sarkisyan, Ohanyan cinayətkardırlar" və sair şüarlar səslənib. İcma üzvləri Ermənistan hökumətini Azərbaycanın Dağlıq Qarabağ regionunun digər yaşayış məntəqələrində, o cümlədən Malıbəyli, Quşçular, Ağdaban və Qaradağlıda da dinc azərbaycanlı əhalinin kütləvi şəkildə qətlə yetirilməsi faktlarını tanımağa çağırıblar. Aksiya iştirakçıları Ermənistanı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərini yerinə yetirməsinə çağırışlar ediblər.

Həmçinin Azərbaycan girovlarının azad olunmasını və azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtması üçün şəraitin yaradılmasını tələb ediblər. İcma üzvləri Tovuzda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Azərbaycan hərbçilərinin adlarını bir-bir sadalayaraq, onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Etiraz aksiyasının iştirakçıları sonra Türkiyənin Vaşinqtondakı səfirliyinin qarşısına yürüş edərək qardaş ölkəyə Azərbaycan xalqı adından bu çətin günlərdə göstərdiyi dəstəyə görə təşəkkürlərini bildiriblər. Bundan sonra, aksiya iştirakçıları “Şəhidlər ölməz, Vətən bölünməz” şüarlarını səsləndirərək, Azərbaycan səfirliyinə yürüş ediblər. Ermənistan səfirliyindən Azərbaycan səfirliyinə kimi yürüş edən etiraz iştirakçılarının mühafizəsini təmin etmək üçün Vaşinqton polisi yolları bağlayıb, yolboyu aksiya iştirakçılarını müşayiət edib.

Şəhid olmuş Azərbaycan hərbçilərinin xatirəsi Azərbaycan səfirliyində də bir dəqiqəlik sükutla yad edilib.

Ermənistan səfirliyi qarşısında keçirilən etiraz aksiyasında 160 nəfərə yaxın icma üzvü iştirak edib. Qeyd edək ki, ABŞ Azərbaycanlılar Şəbəkəsi Tovuzda erməni silahlı qüvvələrinin təxribatı və təcavüzü ilə bağlı ABŞ qanunvericilərinə ünvanlanmış bir neçə məktub kampaniyası keçirir.

2020-07-17