Azərbaycanla Türkiyənin əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanla Türkiyənin əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla Türkiyənin Ticarət naziri Ruhsar Pekcan arasında telefon danışığı olub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, telefon söhbətində iki ölkənin əlaqələrinin yüksək səviyyədə olduğu, dövlət başçıları arasında mövcud dost münasibətlərinin Azərbaycan-Türkiyə əməkdaşlığına əlavə təkan verdiyi vurğulanıb, iqtisadi əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. R.Pekcan ölkəsinin Azərbaycanla qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında maraqlı olduğunu bildirib.

M.Cabbarov qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan əməkdaşlığımızın yüksələn xətlə inkişaf etdiyini, ölkəmizin Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinə böyük önəm verdiyini vurğulayıb. Nazir qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlar mövcuddur və həyata keçirilən tədbirlər ticarət dövriyyəsinin daha da yüksəlməsinə, strukturunun şaxələndirilməsinə əlverişli şərait yaradacaq.

Tərəflər iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, nəqliyyat-tranzit, gömrük, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Söhbət zamanı Türkiyənin Ticarət naziri son günlərdə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrlə bağlı ölkəsinin mövqeyini bir daha diqqətə çatdırıb, Azərbaycanın haqlı mövqeyini tam dəstəklədiklərini, bölgədəki bütün siyasi, diplomatik və sosial əlaqələrlə ölkəmizin yanında olduqlarını vurğulayıb.

M.Cabbarov Türkiyənin dəstəyini hər zamankı kimi aydın və açıq şəkildə hiss etdiklərini vurğulayaraq Azərbaycan dövlətinin və xalqının öz düşmənlərinə qarşı ayıq-sayıq olduğunu, Ermənistanın aqressiv və işğalçı siyasətinin iflasa uğrayacağını qeyd edib, Türkiyə dövlətinin bütün müstəvilərdə verdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildirib.

2020-07-17