Ankara şəhərində “Erməni işğalına son!” şüarı altında mitinq təşkil edilib

Ankara şəhərində “Erməni işğalına son!” şüarı altında mitinq təşkil edilib

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Dünya Türk Birliyi (DTB) təşkilatı “Erməni işğalına son!” şüarı altında Ankara şəhərində mitinq təşkil ediblər.

AZƏRTAC xəbər verir ki, mitinq şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, TADƏHF-in sədri, professor Aygün Əttar, DTB-nin sədri Murat Çobanoğlu və Turan İlləri Konfederasiyasının (TİK) sədri Hüseyn Avcı aksiyada çıxış ediblər.

Ermənistanın Azərbaycana qarşı illərdən bəri davam edən işğalçılıq siyasətindən bəhs edən səfir Xəzər İbrahim iyulun 12-dən başlayaraq Azərbaycanın Tovuz rayonu istiqamətində ölkəmizə qarşı törədilən hərbi təxribatlardan danışıb.

Qardaş Türkiyənin Azərbaycana dəstəyinin qürur mənbəyi olduğunu vurğulayan səfir bildirib ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan bütün şəraitlərdə ölkələrimizin və xalqlarımızın maraq və mənafelərini qarşılıqlı şəkildə müdafiə edirlər.

Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə dərhal son qoyulmasını tələb edən professor Aygün Əttar əminliklə bildirib ki, son günlər düşmənin davamlı hərbi təxribatlarının qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu işğal altındakı torpaqları düşməndən azad etmək iqtidarındadır. İşğalçı tərəfin hərbi qüvvələri BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərar və qətnamələrinə uyğun olaraq Azərbaycan ərazisini tərk etməlidir.

DTB-nin sədri Murat Çobanoğlu və TİK-in sədri Hüseyn Avcı bildiriblər ki, bütün türk dünyası haqq işində Azərbaycanın arxasında dayanıb. Beynəlxalq ictimaiyyət qətiyyətli mövqe göstərməli, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalıdır.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının xalqlarımız və ölkələrimiz üçün əbədi birlik çağırışı olduğunu vurğulayan çıxışçılar əminliklə bildiriblər ki, Azərbaycan-Türkiyə qardaşlığı bütün dünya üçün örnəkdir.

Sonra iştirakçılar birlik və həmrəylik, Azərbaycan Ordusuna dəstək şüarları səsləndiriblər.

2020-07-18