“Qarabağ Azərbaycandır!” şüari altında Berndən Cenevrəyə yürüş edilib

“Qarabağ Azərbaycandır!” şüari altında Berndən Cenevrəyə yürüş edilib

İyulun 19-da İsveçrənin Cenevrə şəhərində əsgərlərimizə dəstək və son hərbi təxribatlara etiraz aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, İsveçrədə Ermənistanın səfirliyinin Berndə olmadığına və daimi nümayəndəliyinin Cenevrədə olduğuna görə bu ölkənin Bern, Sürix və Soloturn kantonlarında yaşayan soydaşlarımız Cenevrəyə yürüşdə iştirak ediblər. Yürüşə 200-ə qədər diaspor nümayəndəsi qatılıb.

Yürüş “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış İsveçrə Konfederasiyasında Azərbaycan Diasporunun Koordinasiya Şurasının əlaqələndiricisi Əkbər Gəncə tərəfindən təşkil olunub və Azərbaycanın Bern şəhərində yerləşən səfirliyinin dəstəyi nəticəsində baş tutub.

Aksiya Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra erməni silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribat zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Həm diaspor nümayəndələri, həm də yerli sakinlər tərəfindən müxtəlif dillərdə çıxışlar edilib. Şəhər sakinləri ayaq saxlayaraq, tədbir iştirakçılarının tələbləri ilə maraqlanıblar. Eyni zamanda bir Portuqaliya vətəndaşı tədbirdə çıxış edərək, BMT Baş Katibi Antonio Quterreşə müraciət edib, dünya ictimaiyyətini Azərbaycan xalqına dəstək olmağa və BMT qətnamələrinin yerinə yetirilməsinə çağırıb.

Diasporumuzun növbəti nailiyyəti olan bu tədbir xalqımızın və xaricdəki Azərbaycan diasporunun birliyini bir daha nümayiş etdirib.

2020-07-20