Prezidentin köməkçisi: Bu gün çimərliklərin açılması koronavirusun yayılma sürətini artıra bilər

Prezidentin köməkçisi: Bu gün çimərliklərin açılması koronavirusun yayılma sürətini artıra bilər

Bu gün çimərliklərin açılması yüksək risk daşıyır və koronavirusun yayılma sürətini artıra bilər.

AZƏRTAC xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində söyləyib.

Prezidentin köməkçisi deyib: “Çimərliklərin açılması ilə son günlər əldə etdiyimiz nailiyyətləri itirə bilərik. Koronavirus bir müharibədir və biz müharibə şəraitindəyik. Biz bu gün çimərliklərin açılmasına hazır deyilik. Əgər çimərlikləri açsaq, əldə etdiyimiz nailiyyətləri itirə bilərik. Birinci risk odur ki, çimərlikdə məsafə saxlamaq çətindir. İkincisi isə insanlar çimərliyə gedəndə eyni yerdən su, yemək alırlar və bununla da yoluxma riski artır. Üçüncü risk isə odur ki, çimərliyə insanlar bir ərazidən deyil, Bakının hər bir hissəsindən gedirlər ki, bu da yoluxmanı yaya bilər”.

Şahmar Mövsümov onu da əlavə edib ki, çimərliklərdən istifadə ilə bağlı qaydalar hazırlanır: “Avqustun 5-dək biz bunu edə bilməyəcəyik. Əgər əmin olsaq ki, biz bunu həyata keçirə bilərik, növbəti mərhələdə bu barədə düşünüləcək”.

2020-07-20