Azərbaycan diasporu Ermənistanın son təxribatlarına qarşı İsveç parlamentinin önündə etiraz aksiyası keçirib

Azərbaycan diasporu Ermənistanın son təxribatlarına qarşı İsveç parlamentinin önündə etiraz aksiyası keçirib

İsveçdəki Azərbaycan diasporu Ermənistanın son təxribatlarına cavab olaraq, Stokholmda İsveç parlamentinin qarşısında etiraz aksiyası keçirib.

AZƏRTAC xəbər verir ki, Stokholmun mərkəzində yerləşən İsveç parlamenti “Riksdaq”-ın önünə toplaşan Azərbaycan və Türk diasporunun üzvləri baş verən son hadisələrlə bağlı yerli ictimaiyyəti məlumatlandırıblar. İsveç və Azərbaycan dillərində çıxış edənlər son günlər Azərbaycanın Tovuz rayonu ilə sərhədində baş verən erməni təxribatı barədə ətraflı danışaraq, bu təxribatla Ermənistanın yenidən Azərbaycan torpaqlarına qəsd etmək istəyində olduğunu, habelə insan itkilərinin gətirib çıxardığı bu toqquşmaların erməni tərəfinin həyata keçirdiyi faşizm siyasəti nəticəsində baş verdiyini vurğulayıblar.

Qanlı döyüşlərdə ağır artilleriya, iri çaplı silahlarla Azərbaycanın kənd və qəsəbələrinə zərbələr vurulduğu xüsusilə qeyd olunan mitinqdə baş verənlərə dünya birliyinin düzgün qiymət verməsi tələb olunub.

Çıxış edənlər habelə, işğalçı dövlətin bir çox beynəlxalq hüquq normalarına məhəl qoymayaraq, 25 ildən çoxdur ki, dinc azərbaycanlılara qarşı terror siyasəti apardığını, nəticədə yaranan münaqişənin bütün Avropa üçün təhlükə doğurduğunu diqqətə çatdırıblar. Tədbir iştirakçılarının sözlərinə görə, dünya ictimaiyyətinin göz yumduğu Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın və ətraf rayonların işğalı, yerli insanların məcburi köçkün və qaçqın halına gətirilməsi yolverilməzdir. Bu münaqişədə haqqın və hüququn Azərbaycanın tərəfində olduğunu vurğulayan aksiya iştirakçıları BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xatırladaraq, İsveç hökumətini və dünya birliyini bu məsələdə daha qətiyyətli addım atmağa çağırıb.

Aksiyada İsveç və Azərbaycan dillərində çıxış edənlər "Qarabağ Azərbaycandır", "Ermənistan, təxribatlarına son", "Qarabağ bizimdir, bizim olacaq", “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüarlar səsləndiriblər.

2020-07-21