Fransa Milli Assambleyasında Azərbaycan ilə dostluq qrupunun rəhbəri Ermənistanın son hərbi təxribatı barədə məlumatlandırılıb

Fransa Milli Assambleyasında Azərbaycan ilə dostluq qrupunun rəhbəri Ermənistanın son hərbi təxribatı barədə məlumatlandırılıb

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Soltan Məmmədovun Fransa Milli Assambleyasında Azərbaycan ilə dostluq qrupunun rəhbəri Pyer-Alən Rafan ilə onlayn görüşü olub. Onlayn görüşdə Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev də iştirak edib.

AZƏRTAC xəbər verir ki, onlayn görüşdə tərəflər parlamentlərarası əməkdaşlığın hazırkı vəziyyətinə, bu əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparıblar.

Soltan Məmmədov son günlər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatla bağlı fransalı həmkarını məlumatlandırıb.

Pyer-Alən Rafan sərhəddə baş verən hadisələr və itkilərə görə narahatlığını ifadə edib. Münaqişənin beynəlxalq hüquq normaları və beynəlxalq təşkilatların qətnamələri əsasında tezliklə həllinin tərəfdarı olduğunu bildirib.

Parlamentarilər əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələri müzakirə ediblər.

2020-07-22