Kişineuda soydaşlarımızın etiraz aksiyası zamanı ermənilər təxribat törədiblər

Kişineuda soydaşlarımızın etiraz aksiyası zamanı ermənilər təxribat törədiblər

Moldovanın paytaxtı Kişineu şəhərində diaspor fəalları, soydaşlarımız Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribata etiraz, Milli Ordumuza və dövlətimizə dəstək aksiyası keçirib.

AZƏRTAC xəbər verir ki, aksiya Azərbaycanın Moldovadakı səfirliyi qarşısında başlayıb. Aksiyada Azərbaycan diasporunun fəalları, tələbələr və media təmsilçiləri iştirak ediblər. Aksiya iştirakçıları “Qarabağ bizimdir, bizim olacaq!”, “Azərbaycan, biz səninləyik!”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Erməni təcavüzünə son qoyulsun!” şüarları səsləndirərək yürüş ediblər. Yürüş iştirakçıları Ermənistanın Moldovadakı səfirliyi qarşısından keçiblər. Bu zaman səfirliyin qarşısında dayanan ermənilər polisin təhlükəsizlik tədbirlərinə baxmayaraq təxribat törədiblər. Belə ki, ermənilər yürüş iştirakçılarından sonda qalanına hücum edərək fiziki güc göstərib, dövlət bayrağımızı almağa çalışıblar. Lakin soydaşlarımızın müdaxiləsindən sonra qarşıdurma yaranıb. Polisin müdaxiləsi nəticəsində qarşıdurmanın genişlənməsinin qarşısı alınıb.

Yürüş iştirakçıları ATƏT-in və BMT-nin nümayəndəliyinin qarşısından keçəndən sonra Kişineunun mərkəzi meydanında aksiyanı davam etdiriblər. Burada soydaşlarımızın qarşısına çıxan Azərbaycanın Moldovadakı səfiri Qüdsü Osmanov çıxış edərək Ermənistanın işğalçı siyasətini pisləyib.

“Ermənilər burada təxribat törətməklə Azərbaycan və Moldova arasındakı dost və səmimi münasibətlərə xələl vurmaq istəyirlər. Bu təxribatın arxasında Moldova parlamentinin erməni əsilli deputatı Qayk Vartanyan və Moldova Prezidentinin erməni əsilli müşaviri Ernest Vardanyan dayanır. Bu rəsmi şəxslər Moldovanın milli maraqlarını tapdalayaraq Ermənistanın işğalçı siyasətinə haqq qazandırırlar. Bütün dünya Ermənistanın Tovuz rayonu ərazisindəki təxribatını bir daha görüb və pisləyib”, - deyə səfir əlavə edib.

Aksiya barədə məlumat və səfirin bəyanatı Moldovanın yerli KİV-lərində geniş işıqlandırılıb.

2020-07-23