Soltan Məmmədov: Ermənistanın hərbi təxribatları onun açıq-aşkar danışıqlardan imtina etmək cəhdidir

Soltan Məmmədov: Ermənistanın hərbi təxribatları onun açıq-aşkar danışıqlardan imtina etmək cəhdidir

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız beynəlxalq hüquqa, tarixi ədalətə əsaslanmalıdır. Bunun isə yeganə yolu işğal olunmuş bütün torpaqların azad edilməsindən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Deputat qeyd edib ki, münaqişə yalnız kompromislər yolu ilə həll oluna bilər. Ərazisinin 20 faizi işğal altında olan Azərbaycanın danışıqları davam etdirməsi isə elə kompromisə getmək deməkdir. Lakin Ermənistan müxtəlif vaxtlarda dəfələrlə danışıqları pozub, qeyri-konstruktiv siyasət nümayiş etdirib: “Dəfələrlə cəbhə xəttində hərbi təxribatlara əl atan Ermənistan bununla sülhə hazır olmadığını nümayiş etdirib. Azərbaycan-Ermənistan dövlət sərhədində baş vermiş son hadisələr zamanı biz bunun bir daha şahidi olduq. Ermənistanın bu təxribatları açıq-aşkar danışıqlardan imtina etmək cəhdidir”.

Soltan Məmmədov Prezident İlham Əliyevin Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması zamanı münaqişənin yarımçıq həllinin mümkün olmadığını vurğuladığını xatırladıb: “Elə bir həll modeli tapılmalıdır ki, bölgəyə davamlı sülh, sabitlik və rifah gətirsin. Əks halda istənilən sülh razılaşması kövrək xarakter daşıyacaq. Davamlı və möhkəm sülhün əldə edilməsi üçünsə Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. İndiki halda bunun alternativi yoxdur”.

2020-07-24