Moldova Prezidenti azərbaycanlı və erməni icmalarının nümayəndələri ilə görüşüb

Moldova Prezidenti azərbaycanlı və erməni icmalarının nümayəndələri ilə görüşüb

Prezident İqor Dodon iyulun 30-da Moldova Azərbaycanlıları Konqresinin nümayəndəsi Feyruz İsayev və Moldova Respublikasının erməni icmasının nümayəndəsi Gennadi Babayanla görüşüb. Tərəflər görüşdə gələcəkdə münaqişəli situasiyaların baş verməməsi barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, Dodon bu barədə özünün “Facebook” səhifəsində bildirib.

İqor Dodon yazır ki, görüşdə Moldova Prezidentinin etnoslararası münasibətlər üzrə müşaviri Sergey Mişin və Etnoslararası münasibətlər agentliyinin baş direktoru Yelena Belyayeva iştirak edib.

“Görüş zamanı həmsöhbətlər Moldova xalqının qonaqpərvərliyini və xeyirxahlığını dəyərləndirən bütün xalqlar üçün bu ölkənin ümumi ortaq dinc məkan olduğunu qeyd ediblər. Tərəflər bu kontekstdə gələcəkdə münaqişəli situasiyaların baş verməməsi üçün əllərindən gələni edəcəkləri barədə razılığa gəliblər”, - deyə Dodon sosial şəbəkə hesabında qeyd edir.

Prezident, həmçinin görüşdə vurğulayıb ki, “Moldova – neytral polietnik dövlətdir, ölkə rəhbərliyi isə bütün vətəndaşların vahid bir xalq olduğu bizim cəmiyyətdə millətlərarası sülhün və həmrəyliyin qorunub saxlanmasına tərəfdardır”.

2020-07-30