Xətai rayonunda Qurban bayramı ilə əlaqədar onlayn satış yarmarkası təşkil olunub

Xətai rayonunda Qurban bayramı ilə əlaqədar onlayn satış yarmarkası təşkil olunub

İyulun 31-də Qurban bayramı ilə əlaqədar Bakının Xətai rayonunun M.Hadi küçəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən Şəhərə” layihəsi çərçivəsində qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, yarmarka ilə bağlı KİV-lərə müsahibə verən ASC-nin mətbuat katibi Mais Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud karantin rejimi ilə əlaqədar tətbiq etdiyi qaydalara uyğun olaraq COVID-19 virusunun yayılmasının qarşısını almaq, həmçinin onlayn xidmətlərin daha çox təşviqi məqsədilə sifarişlərin onlayn qaydada həyata keçirilməsi üçün yeni satış portalının vətəndaşların istifadəsinə verildiyini bildirib. O deyib: “Satış yarmarkasının təşkilində əsas məqsəd bayramla əlaqədar istehlakçıların seçim imkanlarını artırmaq, az gəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını ödəmək və bazarlarda süni qiymət artımının, həmçinin mövcud karantin rejimi ilə əlaqədar yarana biləcək əhali sıxlığının qarşısını almaqdır. Qurbanlıq qoyunların sifarişi www. qurbanliq.kendden.az saytı vasitəsilə onlayn qaydada həyata keçirilir.

Artıq Qurban bayramının ilk günündə vətəndaşlar sayt üzrə sifariş etdirdikləri qurbanlıq heyvanları gəlib məntəqələrdən götürürlər. Paytaxtda 9, Sumqayıt şəhərində isə 1 məntəqə fəaliyyət göstərir”.

O bildirib ki, vətəndaşlar qurbanlıq heyvanları istədikləri zaman götürə bilərlər. Üç gün ərzində sayt üzərindən ümumilikdə 856 sifariş qəbul olunub. Bu sifarişlər əsasında 1047 baş qoyun satılıb. Vətəndaşlar qurbanlıqlarını hazır, kəsilmiş formada məntəqələrdən əldə edirlər.

M.Musayev, həmçinin qeyd edib ki, qurbanlıqların kəsimi İslam qaydalarına uyğun olaraq rəsmi icazə verilmiş ət kəsimi yerlərində aparılır və məntəqələrə hazır kəsilmiş halda gətirilir.

Vətəndaşlar qurbanlığı kəsilmiş çəki dərəcəsi üzrə 1 kiloqramı 11 manat 50 qəpikdən hesablanmaqla ödəniş edərək götürürlər.

Artıq dünən gecə saat 12-də onlayn sifarişlərin vaxtı bitib və vətəndaşlar iyulun 31-i saat 12-dən və avqustun 1-i səhər saat 10-dan sonra seçdikləri məntəqəyə yaxınlaşaraq seçdikləri qurbanlıqları götürə bilərlər.

Kəsim üçün hər hansı əlavə ödəniş tələb olunmur.

2020-07-31