Şahmar Mövsümov: Qarşımızda duran ən vacib məsələ virusun yayılma sürətinin aşağı salınmasıdır

Şahmar Mövsümov: Qarşımızda duran ən vacib məsələ virusun yayılma sürətinin aşağı salınmasıdır

Sərt karantin rejiminin yumşaldılması istiqamətində addımlar tədricən atılır. Tədricən aparılan yumşaldılmalar bir sıra xarici ölkələrin də təcrübəsinə uyğundur.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın avqustun 8-də keçirilən brifinqində bildirib.

“Lakin bu yumşalma ilə bağlı addımlar atıldıqca yoluxma riskləri daha da artır. Digər ölkələrin təcrübəsi də göstərir ki, açılmalardan sonra yoluxma halları yenidən artır və yenidən sərtləşdirilmiş karantin rejimləri tətbiq edilir”, - deyə Prezidentin köməkçisi bildirib.

Azərbaycanda da sərt karantin rejiminin yumşaldılması ilə bağlı tədricən addımların atılacağını söyləyən Şahmar Mövsümov təəssüflə qeyd edib ki, bu yumşaldılmalar ölkəmizdə də yoluxma hallarının yenidən artacağı ehtimalını artırır. “Qarşımızda duran ən vacib məsələ bu virusun yayılmasının sürətinin aşağı salınmasıdır. Burada da üç əsas istiqamət var. Birincisi tətbiq olunan karantin rejiminin çox sadə qaydalarına riayət etməkdir. Yəni, tibbi maskadan istifadə etmək, sosial məsafə saxlamaq və digər xüsusi tələblərə əməl etmək. Bu ən önəmli məsələdir və hər birimizdən asılıdır. Bu qaydalara əməl etsək virusun yayılma sürətini aşağı salacağıq. İkinci istiqamət qoyulmuş tələblərə nəzarətin həyata keçirilməsidir. Bu, məsələdə əsas yük hökumətin üzərinə düşür və bununla bağlı ciddi addımlar atılır və atılacaq. Üçüncü istiqamət isə yoluxma hallarının erkən müəyyən edilməsi və yoluxanların erkən təcrid olunmasıdır”,- deyə Şahmar Mövsümov vurğulayıb.

2020-08-08