Ombudsman Pakistanın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb

Ombudsman Pakistanın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Pakistan İslam Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Navid Anjum və hərbi attaşe Usman Aslam ilə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə çıxış edən müvəkkil iki qardaş ölkə olan Azərbaycan ilə Pakistan arasında münasibətlərin dərin tarixi köklərə malik olduğunu, iqtisadi, sosial, mədəni və digər sahələrdə əlaqələrin yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğunu vurğulayıb. Pakistanın ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu vurğulayan müvəkkil dövlətlərimizin beynəlxalq arenada hər zaman bir-birini dəstəklədiyini qeyd edib.

Müvəkkil iki ölkənin Ombudsman təsisatları arasındakı əməkdaşlıq əlaqələrinə toxunaraq qurumlar arasında imzalanan Anlaşma Memorandumunun hər iki ölkənin vətəndaşlarının hüquq və azadlıqlarının səmərəli şəkildə müdafiəsinə böyük töhfə verdiyini bildirib.

Qeyd olunub ki, Azərbaycan Ombudsmanının vitse-prezidenti olduğu Asiya Ombudsmanlar Assosiasiyası Uzaq Şərq və Asiya ölkələrində fəaliyyət göstərən Ombudsman təsisatları arasında güclü əməkdaşlıq əlaqələrinin inkişafına mühüm töhfələr verir. Sözügedən Assosiasiyanın fəaliyyətindən danışan müvəkkil bu qurumun uzun illərdir ki, rəhbərliyini həyata keçirən Pakistan Federal Ombudsmanının qurumun inkişafındakı xüsusi rolunu vurğulayıb.

Səmimi görüşə görə müvəkkilə təşəkkürünü bildirən Navid Anjum ölkələrimizin sülhsevər siyasətinin əhəmiyyətindən bəhs edib. Qeyd olunub ki, daim sülhün, əmin-amanlığın və insan hüquqlarının təmini uğrunda fəaliyyətə üstünlük verilməsi mühüm əhəmiyyətə malikdir. O, Azərbaycan Ombudsman institutunun ölkədə insan hüquq və azadlıqlarının müdafiəsi və təmini sahəsindəki çoxşaxəli fəaliyyətini izlədiyini və ikitərəfli əməkdaşlığın bundan sonra da davam etdirilməsinin böyük önəmə malik olduğunu deyib.

Görüşdə hər iki tərəf üçün qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

2020-08-20