Azərbaycanın Xarici İşlər naziri Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Azərbaycanın Xarici İşlər naziri Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb

Avqustun 27-də Xarici İşlər naziri Ceyhun Bayramov Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqosun etimadnaməsini qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Yunanıstan arasında mövcud əməkdaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov səfir Nikolaos Piperiqosu təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib.

Öz növbəsində Nikolaos Piperiqos ölkəmizə səfir təyin olunmasından məmnun olduğunu qeyd edib. O, Yunanıstan Xarici İşlər nazirinin təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb və diplomatik fəaliyyəti dövründə iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə habelə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

2020-08-27